Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı olduqca önəmli idi. Bu Azərbaycan Prezidentinin regional və qlobal miqyasda yüksək nüfuzunun, dövlətimizə olan etimad və inamın bariz nümunəsidir. Hər zaman sülhün, əməkdaşlığın təhlükəsizliyin əsas meyar kimi önə çəkilməsi ilə bağlı vacib təşəbbüslərlə çıxış edən Azərbaycan dövlətinin mövqeyi artıq beynəlxalq miqyasda təqdir edilir.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, bu amillər eyni zamanda regional sülh və diplomatiyada Azərbaycanın artan rolu, güclənən mövqeyi ilə bağlıdır: “Həmçinin Azərbaycan bu gün regional və qlobal miqyasda sülh və əməkdaşlığın, qarşılıqlı maraqlar müstəvisində əlaqələrin təmin olunmasını təşviq edir. Sözsüz ki, bu müstəvidə ən başlıca amil təhlükəsizlik və etimad mühitinin formalaşmasıdır. Cənubi Qafqazda II Qarabağ müharibəsində sonra yaranmış yeni reallıq, bölgədə sülhə və təhlükəsizliyə ən başlıca təhdid olan Ermənistanın işğal faktının aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi artıq qlobal müstəvidə vacib nümunə kimi önə çəkilir. Prezident İlham Əliyevin Liderliyi ilə həyata keçirilən sülh və inkişaf strategiyası ölkəmizin mövcud oluğu bölgə ilə yanaşı bütövlükdə dünya üçün vacib çağırışları özündə ehtiva edir”.
Deputat qeyd edib ki, Azərbaycanın ortaya qoyduğu sülh mövqeyi bu gün qlobal miqyasda təqdir olunur: “BMT-nin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı çıxarmış olduğu qətnamələri təkbaşına icra edən ölkəmiz bu gün beynəlxalq birliyin ən fəal və etimad göstərilən üzvüdür. Prezident İlham Əliyevin Misirdə Yaxın Şərq Sülh Sammitində iştirakı da Azərbaycanın sülh və təhlükəsizliklə bağlı zəngin təcrübəsinin təşviqi baxımında əhəmiyyətli idi. Sözsüz ki, Yaxın Şərq Sülh Sammiti, regionda davam edən münaqişələrin həlli yollarını müzakirə etmək, humanitar böhranların qarşısını almaq və regional əməkdaşlıq imkanlarını dəyərləndirmək məqsədi daşıyırdı. Bu Sammitdə Azərbaycan Prezidentinin iştirakı beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla qarşılandı”.
Sevinc Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətli bir regionla bağlı keçirilən yüksək səviyyəli tədbirdə iştirakı Azərbaycanın bu prosesə verəcəyi önəmin mahiyyətini bir daha diqqət mərkəzinə gətirir: “Azərbaycan ənənəvi olaraq region dövlətləri arasında balanslı münasibətlər saxlayır. Ölkəmiz həm İsraillə, həm də Fələstinlə diplomatik münasibətlər qurub. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi İslam aləminin bir parçasıdır. Həmçinin ölkəmiz Avropa ilə sıx inteqrasiya prosesindədir. Bu yanaşma Azərbaycanın İslam həmrəyliyinə, həm də sivilizasiyalararası dialoqa verdiyi önəmin mühüm göstəricisidir. Bu mənada Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın yalnız regional deyil, qlobal aktor kimi güclənin mövqeyi ilə izah olunur”.
