Bu gün Azərbaycan xalqı qalib dövlətin vətəndaşı olmağı ilə fəxr etdiyi halda, bütün Türk dünyasının 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfərin və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatının uğurunu sevincini və qürurunu yaşadığı dövrdə Ramiz Mehdiyevin və bir qrup cinayətkar “silahdaşlarının” dövlət çevrilişi törətmək planı əziz şəhidlərimizin qanı ilə suvarılmış vətənimizə və dövlətimizə qarşı ən böyük xəyanətdir.
Fəaliyyəti dövründə Azərbaycan xalqının milli dəyərlərinə, Türk kimliyinə, islam dəyərlərinə nifrətini heç vaxt gizlətməyən Ramiz Mehdiyev kimi adamlar erməni revanşistləri ilə əməkdaşlıq etməyi belə özlərinə şərəf sayırlar. Hər kəs bilir ki, 2009-2013-cü illərdə Azərbaycan-Türkiyə arasında yaranmış böhran vaxtı Ramiz Mehdiyev bu “ssenari”nin baş müəllifi və əsas “aktoru” idi. FETO-çularla, Ermənistanda, Rusiyada, eləcə də dünyanın hər yerində nə qədər Azərbaycan-Türkiyə düşməni var idisə bütün qüvvəsi ilə çalışaraq onlarla işbirliyində olub, bu iki qardaş ölkə, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında fitnə salmağa çalışırdı.
Məqsəd isə əsas problemi və dərdi Qarabağ olan Azərbaycanı təkləməklə, Türk dünyasının iki əsas güclü dövləti, türk xalqlarını gələcəyə sürətlə aparan iki lokomotiv dövlət olan Azərbaycanla Türkiyə arasında düşmənçilik yaratmaq idi. Ramiz Mehdiyevin ən böyük “arzusu” da Azərbaycanı Türk dünyasından ayırmaq idi. Onun bütün fitnələrinə baxmayaraq, əbədi olaraq arzusu gözündə qaldı. Bu gün əbədiyyətə qədər bir olacaq Azərbaycan-Türkiyə müttəfiqliyi və iki qardaş LİDER-in kürəsəl səviyyədəki uğurlu diplomatiyaları beynəlxalq aləmdə böyük nüfuza malikdir.
Anlaqsız vəziyyətdə olan Ramiz Mehdiyev və onun kimilər toyuq korluğu səbəbindən Azərbaycanın və Dövlət Başçımızın misilsiz fəaliyyətini görə bilmirlər. Çirkli və sinsi xislətli insanların gözü heç vaxt görməz. Çünki bu insanlar doğularkan dünyaya xain və xəyanətkar xislət və məramla gəlirlər. Azərbaycan xalqı dövlət çevrilişinin nə olduğunu çox yaxşı xatırlayır. Yadınımızdadır hətta dövlətimizin ən çətin vaxtlarında dövlətimizə qarşı törədilən bir neçə dövlət çevrilişinin qarşısı daima xalqına güvənmiş Ulu Öndər Heydər Əliyevin qüdrəti ilə alınmışdır. Hər kəs bilir ki, bu gün bu siyasəti uğurla davam etdirən, dünya Lideri, Müzəffər Ali Baş Komandanımız, möhtərəm cənab İlham Əliyev 44 gün içində üç əsrlik tarixi olan dünya erməniliyini darmadağın etdi. Bu mənada Ramiz Mehdiyev kimi adamlar möhtərəm Prezidentimizin qüdrəti və nüfuzu, ona olan xalq məhəbbəti qarşısında çox, cılız, kiçik və xırdadırlar.
Onların bu cinayətləri həm də xalqa qarşıdır. Xalqımız öz Liderinin arxasında daima yenilməz dəmir yumruq olmağı bacarmışdır. Çox təəssüf ki, Ramiz Mehdiyevin tör-töküntüləri hələ də ayrı-ayrı dövlət qurumlarında çalışırlar. Əminik ki, daima dövlətimizin, xalqımızın keşiyində duran sarsılmaz hüquq mühafizə orqanları ən qısa zamanda dövlətimizə və xalqımıza xəyanət edən bu cinayətkarların və onların ünsürlərin layiqli cavabları veriləcək.
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
