Prezident İlham Əliyevin Danimarkanın paytaxtı Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7‑ci Zirvə Toplantısında iştirakı mühüm əhəmiyyətə malikdir. Bu səfər çərçivəsində ölkəmizin başçısı bir sıra vacib görüşlər keçirib. Zirvə toplantısında ümumiyyətlə Azərbaycan və Onun Lideri diqqətə mərkəzində olub. Bu isə Azərbaycanın həyata keçirdiyi düzgün siyasətin təzahürü hesab edilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu səfərdə həmçinin Avropa məkanında diplomatik mövqenin möhkəmləndirilməsi amili də özünü daha qabarıq göstərib: “Azərbaycan 2020-ci ildən sonra regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Avropa ölkələri və qurumları ilə fəal dialoq, sülh gündəliyi, enerji əməkdaşlığı kimi məsələlər Azərbaycanın etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə xidmət edir. Sözsüz ki, bu səfərdə Azərbaycanla Ermənistan arasında sülh prosesinin prioritet kimi təqdim edilməsi amili də mövcud idi. Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyinin qorunmasına dair da bu səfərdə müzakirələrə aparılıb. Təbii ki, hazırda enerji diplomatiyası və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində ciddi rolu bu gün daha aktualdır. Çünki Avropanın enerji ehtiyacları və diversifikasiya tələbləri fonunda Azərbaycan öz qaz və enerji potensialını Avropa xəritəsində daha aktiv formada təqdim edir”.

Məlahət İbrahimqızı bildirib ki, Zirvə çərçivəsində müxtəlif region və qitələrdən dövlət başçıları ilə aparılan görüşlər Azərbaycan diplomatiyasının çevikliyini və balanslaşdırılmış xarici siyasət kursunu nümayiş etdirdi: “Bu səfər zamanı cənab Prezident İlham Əliyev bir neçə yüksək səviyyəli görüşlər keçirib. Bu görüşlər qarşı tərəfin təşəbbüsü ilə baş tutub. Bütün bunlar isə Azərbaycanın beynəlxalq arenada mövqeyinin daha etibarlı qəbul edildiyinin göstəricisidir. Bundan əlavə, görüşlər çərçivəsində Avropa liderlərinin Azərbaycanın sülh gündəliyinə verdiyi rəğbət və təbriklər diqqət çəkdi. Bütün bunların fonunda Kopenhagen səfəri, məhz Avropanın siyasi mərkəzində – paytaxtlardan birində – keçirilən bir zirvədə fəal iştirak və liderlərlə görüşlər vasitəsilə Azərbaycanın diplomatik çəkisi, bacarıqları bir daha özünü nümayiş etdirdi. Görüşlərin təşəbbüskar tərəfin istəyi əsasında baş tutması, Prezident Əliyevin beynəlxalq arenadakı hörmət və etibarının göstəricisidir”.
