BAKI, 2 oktyabr. SİYASƏTİNFO
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri əlaqələrin inkişafında mühüm önəm kəsb edir. Azərbaycanla İtaliya arasında əlaqələr hər zaman uğurla inkişaf edib. İtaliya eyni zamanda Azərbaycanın vacib ticarət tərəfdaşı kimi də mühüm rola malikdir. Azərbaycan və İtaliya arasında münasibətlər müstəqillik illərindən bəri inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, iki ölkə arasında əlaqələr enerji, iqtisadi, siyasi baxımdan mühüm əhəmiyyət daşıyır: “İtaliya Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşlarından biridir. Cənubi Qafqaz regionunda isə Azərbaycan İtaliya üçün etibarlı tərəfdaş rolundadır. Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1997-ci ildən etibarən İtaliya Respublikasının Azərbaycanda, 2003-cü ildən isə Azərbaycanın İtaliyada səfirlikləri fəaliyyət göstərir. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoqlar bu münasibətlərin daha da möhkəmlənməsinə imkan verib. Sözsüz ki, Azərbaycan–İtaliya münasibətlərinin təməlində enerji sahəsində əməkdaşlıq amili mühüm yer tutur. İtaliya Azərbaycanın ən böyük neft alıcısıdır. Xəzər dənizində hasil edilən xam neftin böyük hissəsi Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə Aralıq dənizi hövzəsinə, oradan isə İtaliya bazarına çatdırılır. Həmçinin Cənub Qaz Dəhlizi çərçivəsində reallaşan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsi Azərbaycan qazı birbaşa Avropaya, o cümlədən İtaliyaya nəql olunur. TAP kəmərinin istismara verilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artırmaqla yanaşı İtaliyanın qaz təchizatını diversifikasiya etməsinə imkan yaradıb”.

Deputat vurğulayıb ki, İtaliya Prezidentinin Azərbaycana ikinci səfəri də əlamətdar hadisələrlə yadda qaldı: “Bu gün İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir. Ölkəmizin başçısının da qeyd etdiyi kimi bu əsl strateji tərəfdaşlıq nümunəsidir. Yeni istiqamətlər, xüsusən də Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi əməkdaşlığın daha da güclənməsinə xidmət edəcək. İtaliya Prezidentinin ilk səfərində Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışı edilmişdi. Bu dəfəki səfərdə isə İtaliya-Azərbaycan Universitetinin açılması münasibətlərin bütün sahələr üzrə inkişafından xəbər verir. Energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açıb”.
Sevinc Hüseynova hesab edir ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib: “Bu isə iki ölkə arasındakı strateji tərəfdaşlığın rəsmi sənədlərdə, praktik işlərdə təzahürüdür. Hazırda İtaliya şirkətləri Azərbaycanda, xüsusilə infrastruktur, kənd təsərrüfatı və tikinti sahələrində fəal iştirak edirlər. Azad edilmiş Qarabağ bölgəsinin bərpasında İtaliya şirkətləri də cəlb olunub. Bu isə iqtisadi əməkdaşlığın daha dərin səviyyəyə keçdiyini göstərir. Həmçinin Azərbaycan və İtaliya arasında mədəni sahədə əlaqələr də inkişaf edir. Romada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzi, Bakıda keçirilən İtalyan mədəniyyəti günləri və digər tədbirlər xalqlar arasında qarşılıqlı anlayışı gücləndirir. Həmçinin iki ölkə arasında UNESCO çərçivəsində də sıx əməkdaşlıq mövcuddur”.
