Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinə ilk dəfə Prezident seçilməsinin 32 ili tamam olur. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Bunu Siyasətinfoya YAP təmsilçisi, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.
O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti bu gün Azərbaycanın daha da güclənməsinin əsasını təşkil edir: “Sözsüz ki, ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə də nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini təşkil edir. Bəllidir ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdırıldı. Muxtar respublikanın ərazisinin düşmənin işgalı altına düşməsinin qarşısı alındı. Bundan başqa, milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü. Muxtar respublikada dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti davam etdirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “sovet” və “sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı.
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. 1993-cü ildə xalqın dəstəyi ilə Ulu Öndər hakimiyyətə gəldi. Eyni zamanda 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi”.
Şura sədri bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu: “Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi.
Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən yaradıcı sürətdə uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib”.
Aqil Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın regional və qlobal miqyasda aparıcı ölkəyə çevrilməsini təmin etdi: “30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Sözsüz ki, əldə olunmuş Qələbə təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafi üçün yeni imkanlar açdı.
2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra Cənubi Qafqazda yeni bir reallıq yaranıb. Bu reallıq sülhü, əməkdaşlığı, inkişafı təşviq edir”.
