Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimində iştirakı tarixi hadisə idi. Bu ölkəmizin bütün bölgələrində yaradılan yüksək səviyyəli şəraitdə bütün mötəbər tədbirlərin ən yüksək səviyyədə keçirilməsi üçün lazım olan infrastrukturun mövcuduluğundan xəbər verir. Sözsüz ki, Azərbaycanın bütün bölgələrində görülən işlər göz oxşayır. Məhz bu baxımdan artıq bölgələrimizdə keçirilən beynəlxalq tədbirlərin sayı da artmaqdadır.
Bu sözləri YAP təmsilçisi, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın bütün bölgələri ilə yanaşı Şuşa, Laçın Xankəndi və digər şəhərlərimiz də işğaldan azad edildikdən və burada ən müasir infrastruktur yaradıldıqdan sonra bir sıra mühüm regional və qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edib:

“Bu mənada III MDB oyunlarının ölkəmizin regionlarında keçirilməsi mühüm önəm kəsb edir. Gəncədə III MDB oyunlarının açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşü isə hər birimiz üçün qürurverici idi. Bu Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğu bir daha nümayiş etdirən gözəl bir mənzərədir. Həmçinin bununla dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı kimi özünün görkəmini və əzəmətini nümayiş etdirmiş oldu.

Sözsüz ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə Stadionunda açılışı edilən idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı kimi tarixə düşəcək. Bu eyni zamanda ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək”.

YAP təmsilçisi bildirib ki, Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilib. Ölkəmiz həmçinin müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə özünün yüksək təşkilatçılığını nümayiş etdirib.

Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilməsi bunun əyani təzahürüdür. III MDB Oyunları da bu baxımdan əlamətdar olacaq. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir”.
