Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı, orada keçirdiyi mühüm görüşlər olduqca önəmlidir. Bu qalib ölkə Liderinə olan münasibətin, ölkəmizlə əməkdşalıqda maraqlı olan tərəfdaşların, Azərbaycanın dünyada bütün istiqamətlər üzrə artan nüfuzunun göstəricisidir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və qlobal məsələlərə dair mövqeyini bir daha nümayiş etdirir: “Ölkəmizin başçısının mühüm yol xəritəsini və bəlli bir zamanı əhatə edən çıxışı dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Cənab Prezidentin çıxışı həm regional sabitlik və inkişaf, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində atdığı addımların beynəlxalq ictimaiyyətə təqdimatı baxımından əhəmiyyətli idi. Dövlətimizin başçısı Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsindən sonra yaranmış yeni reallıqları diqqətə çatdırdı. Xüsusilə vurğulandı ki, artıq Qarabağ münaqişəsi tarixə qovuşub və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrası baxımından da tarixi nailiyyətdir.
Azərbaycanın münaqişədən sonrakı dövrdə sülh və reinteqrasiya istiqamətində atdığı addımlar barədə də məlumat verildi. Sözsüz ki, bu, Azərbaycanın konstruktiv, prinsipial mövqeyinin təcəssümüdür.
Prezident İlham Əliyev həmçinin Ermənistanla normallaşma prosesinə dair fikirlərini də BMT tribunasından bölüşmüş oldu. Bildirildi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına sadiqdir və bu prosesin beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılması vacibdir. Azərbaycanın təşəbbüsü ilə başlanan Zəngəzur dəhlizi və regional nəqliyyat-kommunikasiya layihələri isə bütövlükdə Cənubi Qafqaz üçün yeni əməkdaşlıq imkanları yaradır”.

Deputat bildirib ki, cənab Prezident çıxışında həmçinin qlobal çağırışlara dair də ölkəmizin mövqeyini bir daha bəyan etdi: “Eyni zamanda iqlim, enerji və multikulturalizm məsələlərinə dair Azərbaycanın mövqeyi açıq şəkildə ifadə olundu. Prezident İlham Əliyev Azərbaycanın COP29-a ev sahibliyi etməsini xüsusi vurğuladı. Bu, Azərbaycanın qlobal iqlim gündəmində mühüm aktora çevrildiyini göstərir. Çıxış zamanı ölkəmizin başçısı Azərbaycanın yaşıl enerji strategiyasından, xüsusən külək və günəş enerjisi sahəsində həyata keçirilən layihələrdən bəhs etdi.
Bundan başqa, Azərbaycanın multikulturalizm və dini tolerantlıq modelindən söz açılması ölkənin beynəlxalq imicinin gücləndirilməsi istiqamətində mühüm addım idi. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan bu dəyərləri sadəcə təbliğ etmir, eyni zamanda yaşayır və tətbiq edir”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycanın qlobal güc balansında artan rolu da ölkəmizin Lideri tərəfindən BMT tribunasından bir daha diqqətə çatdırıldı: “Azərbaycanın Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolu vurğulandı. Cənab Prezident bəyan etdi ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdərək müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər qurur. Xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğu qeyd edildi.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasındakı çıxışı Azərbaycan dövlətinin diplomatik strategiyasını, milli maraqlara söykənən qlobal vizyonunu və qətiyyətli liderlik xəttini əks etdirir. Qarabağ münaqişəsinin həllindən sonra yaranmış yeni geosiyasi konfiqurasiya fonunda, bu çıxış Azərbaycanın dünya birliyində artan statusunu bir daha təsdiqləyir”.
