Suverenlik anlayışı müasir dövlətçilikdə mərkəzi yer tutur. Bu anlayış dövlətin daxili və xarici siyasətdə müstəqilliyini, öz qanunvericilik sistemini qurmaq və həyata keçirmək səlahiyyətini ifadə edir. Bir çox ölkələr tarixlərində əldə etdikləri suverenliyi xüsusi gün kimi qeyd edir və bu gün Suverenlik Günü adlandırılır. Azərbaycan dövlətinin 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu bərqərar edilməklə yanaşı, Suverenliyimiz tam təmin edildi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Milli Məclisdə Konstitusiya və Suverenlik İli çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edərkən deyib.
O qeyd edib ki, suverenlik dövlətin beynəlxalq hüquqda əsas prinsiplərindən biridir: “Çünki dövlət suverenliyi istənilən millətin müstəqil yaşamaq haqqının və siyasi iradəsinin ali ifadəsidir. Azərbaycanın tarixi isə suverenlik uğrunda aparılmış mübarizə və onun bərpası ilə müşayiət olunan dərin proseslərdən ibarətdir. Tarixi kontekstdə Azərbaycanın suverenliyi bir neçə mərhələdə formalaşıb və bərpa olunub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın suverenliyi uzun müddət faktiki olaraq pozulmuşdu. 1990-cı illərdə Ermənistan silahlı qüvvələri keçmiş Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etmişdi. Ona görə də, uzun on illiklər Azərbaycan bu ərazilərdə suveren hüquqlarını həyata keçirə bilmirdi. Bununla bağlı BMT-nin 4 qətnaməsi işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu sənədlər uzun müddət yerinə yetirilməmiş qalırdı. 44 günlük Vətən Müharibəsi (27 sentyabr – 10 noyabr 2020) Azərbaycanın suverenliyinin bərpasında dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu işğal altındakı 300-dən çox şəhər, qəsəbə və kəndi azad etdi. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyuldu və Azərbaycan öz ərazilərində tam suverenliyini bərpa etdi”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycanın dövlət suverenliyi yüz illik mübarizənin, siyasi iradənin və xalq həmrəyliyinin nəticəsidir: “Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın bütün fundamental hüquqlarının tam bərpasını təmin edib. Məhz Ulu Öndər Heydər Əliyev strategiyasına əsaslanan bu siyasət nəticəsində Azərbaycan bu gün Cənubi Qafqazın parlayan ulduzuna çevirlib. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı mövqeyə sahibdir. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri ümumilikdə regionda sülhü, əməkdaşlığı, interqasiyanı təşviq edir. Prezident İlham Əliyevin praqmatık və uzaqgörən siyasəti Azərbaycanla yanaşı bölgə dövlətlərinin rifahına geniş imkanlar açır.
