2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi nəticəsində Müzəffər Azərbaycan Ordusu 30 il Ermənistanın işğalında olan ərazilərimizi azad etdi. İşğalçı Ermənistan ordusu döyüş meydanında məğlub olaraq kapituliyasiya aktına imza atmağa məcbur oldu. Qalib Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşündə 30 il Ermənistanın işğalında qalan 300-dən çox yaşayış məntəqəsini azad etməklə tarixi Zəfərə imza atıb. 2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalandı. Məğlub ölkə kimi Ermənistan bu razılaşma ilə öz üzərinə öhdəliklər götürdü. Amma buna baxmayara Ermənistan tərəfi növbəti dəfə öz xislətinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı.
Bu sözləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev antiterror əməliyyatları və Suverenlik Günündən bəhs edərkən deyib.
O qeyd edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını Azərbaycan ərazisindən çıxarmaqdan imtina edirdi: “II Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olduğunu bəyan edib. Amma bütün bunlara rəğmən qanunsuz erməni silahlı birləşmləri Azərbaycan ərazisində mövcud olduğu dövrdə terror-təxribat aktları icra edir mina terroru kimi ağır cinayətlərə əl atırdı. Eyni zamanda II Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmaqla təxribatlar törədirdi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilib müxtəlif yerlərdə basdırılırdı. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırmaqla məşğul olurdu. Nəticədə 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşma baş verdi. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında sərhəddə oldu. 2023-cü ilin martında isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törədib. Həmin ilin aprel-may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub. Sözsüz ki, separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycan cəmiyyətində də etirazlar mövcud idi. Bu xüsusda bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyasının keçirilməsi də bunun bariz nümunəsi idi. Çünki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu”.
Assosiasiya sədri bildirib ki, bu təxribatların davamı olaraq 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədib: “Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Ordusu antiterror tədbirləri zamanı böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdi”.
Təmraz Tağıyev vurğulayıb ki, Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı: “44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatının nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişdilər”.
