Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri tarixi məqamlarla yaddaşlara həkk olunur. Ölkəmizin başçısının bu günlərdə Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyması, Xocavənd rayonunun Hadrut qəsəbəsinə köçmüş sakinlərlə görüşü, Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirakı qürurverici idi. Həmçinin dövlətimizin başçısının Xocavənd rayonunun Sos kəndinə, Qırmızı Bazar qəsəbəsinə səfərləri də əlamətdar hadisələrlə yadda qaldı. Cənab Prezident İlham Əliyevin Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə vacib mesajlar səsləndirildi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Xocalı rayonunun Şuşakənd kəndində olması, Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirakı da tarixi hadisələrdən idi: “Eyni zamanda Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə də cənab Prezident mühüm məsələlərdən bəhs edib. Dövlətimizin başçısı keçmiş qaçqın və məcburi köçkünləri artıq öz ata-baba yurdlarına geri dönməsi ilə bağlı təbrik edib. Doğma Qarabağ torpağında artıq gəlib yerləşən sakinlərə ölkəmizin başçısının səmimi söhbətləri isə hər birimiz üçün qrurvericidir. Bu bir reallıqdır ki, Prezident İlham Əliyevin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinə etdiyi səfərlər post-münaqişə dövrünün əsas inkişaf dinamikasını müəyyən edən strateji addımlar kimi dəyərləndirilir. Bu səfərlər təkcə daxili siyasət baxımından deyil, həm də regional və beynəlxalq səviyyədə mühüm mesajlar vermiş olur. Prezidentin bölgəyə səfərləri Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının ardından reallaşan bərpa-quruculuq işlərinin sürətini, miqyasını və siyasi iradənin gücünü nümayiş etdirir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri beynəlxalq ictimaiyyətə də aydın mesajdır: “Azərbaycan artıq işğal faktorunu aradan qaldırıb və bu ərazilərdə tam suveren hüquqlarını icra edir. Xüsusilə Xankəndi, Xocavənd, Xocalı, Laçın, Xocalı, Şuşa, Zəngilan, Qubadlı və Kəlbəcər kimi rayonlara səfərlərin baş tutması, bu bölgələrin Azərbaycan dövlətçiliyinə inteqrasiyasının davam etdiyini göstərir. Prezidentin səfərləri zamanı verdiyi bəyanatlar da strateji xarakter daşıyır. Zəngəzur dəhlizi məsələsində Prezidentin qətiyyətli mövqeyi regional kommunikasiya xətlərinin yenidən formalaşdırılmasında Azərbaycanın rolunu ön plana çıxarır. Prezident İlham Əliyev bölgəyə səfərləri zamanı əsasən infrastruktur layihələrinin açılışında iştirak edir və tikinti-bərpa işlərinin gedişi ilə yerində tanış olur. Azad edilmiş bölgələrimizdə “Ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları çərçivəsində kənd təsərrüfatı layihələri icra olunmaqdadır”.
Məlahət İbrahimqızı hesab edir ki, yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin geri qaytarılması kimi planlar Azərbaycanın post-münaqişə dövründə modern və dayanıqlı inkişaf modelinə keçid etdiyini göstərir: “Sözsüz ki, Prezidentin səfərləri eyni zamanda Cənubi Qafqazın yeni geosiyasi xəritəsini formalaşdırmaq baxımından da əhəmiyyətlidir. Xüsusilə Zəngəzur dəhlizinin açılması və regionda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi perspektivləri Azərbaycanı bölgədə əsas tranzit mərkəzlərindən birinə çevirəcək.
Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla birbaşa quru əlaqəsinin qurulması, həm də Türk dünyası ilə inteqrasiyanın daha da güclənməsi anlamına gəlir. Bu aspektdə Prezident İlham Əliyevin Zəngəzur bölgəsinə etdiyi səfərlər, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji hədəflərlə üst-üstə düşür.
Prezidentin Şuşa kimi Azərbaycanın mədəni paytaxtına mütəmadi səfərləri Qarabağın təkcə coğrafi deyil, həm də milli kimlik və tarixi yaddaş baxımından da prioritet olduğunu göstərir. Bu səfərlər zamanı dini abidələrin, məscidlərin və tarixi memarlıq nümunələrinin bərpası da diqqət mərkəzində olur.
Ümumiyyətlə isə Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri Azərbaycanın yeni dövrə – post-münaqişə mərhələsinə keçidinin simvoludur. Bu səfərlər həm ölkə daxilində birliyi möhkəmləndirir, həm də beynəlxalq ictimaiyyətə aydın mesaj verir: Azərbaycan öz torpaqlarının tam sahibi kimi regionda sülh, əməkdaşlıq və inkişaf modelini qurmağa qadir bir dövlətdir. Bərpa-quruculuq prosesi Prezidentin bilavasitə nəzarəti altında, yüksək siyasi iradə və strateji planlaşdırma ilə həyata keçirilir. Bu, təkcə bugünkü deyil, gələcək nəsillərin rifahına hesablanmış dövlət siyasətidir”.
