Bakı, 14 sentyabr. Siyasətinfo
Azərbaycan coğrafi mövqeyinə, tarixi irsinə və geosiyasi əhəmiyyətinə görə minilliklər boyu Qərblə Şərq arasında bir körpü rolu oynayıb. Qafqazın cənubunda yerləşən ölkəmiz, qədim İpək Yolunun mühüm keçid nöqtələrindən biri olmaqla, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və ticarət yollarının kəsişməsində yerləşir. Bu strateji mövqe Azərbaycanı tarix boyu həm iqtisadi, həm də mədəni baxımdan zəngin və dinamik bir regiona çevirib.
Bu sözləri Siyasətinfoya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanın regional və qlobal miqyasda güclənən mövqeyindən bəhs edərkən deyib.
O qeyd edib ki, Azərbaycanın bu körpü rolu hələ antik dövrlərdən başlayıb: “Qədim İpək Yolu vasitəsilə Asiyadan Avropaya daşınan mallar, ideyalar və mədəniyyətlər Azərbaycandan keçərək hər iki istiqamətdə yayılıb. Bu proses ölkədə müxtəlif mədəniyyətlərin qovuşmasına, tolerantlıq ənənələrinin formalaşmasına və zəngin multikultural irsin yaranmasına səbəb olub. Zərdüştlük, xristianlıq və islam kimi dinlər burada bir araya gəlmiş, bir çox mədəni və dini abidələr yaranıb.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan, beynəlxalq arenada fəal rol oynayaraq həm Qərb, həm də Şərq dövlətləri ilə balanslı münasibətlər qurmağa çalışıb. Bu mənada ölkəmiz Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı kimi qurumlarla əməkdaşlıq edir. Eyni zamanda ölkəmizin Rusiya, Çin, Türkiyə, İran, ABŞ və Avropa ölkələri və digər dövlətləri ilə strateji əlaqələr saxlayır.
Deputat bildirib ki, Azərbaycan həm də enerji sahəsində Qərblə Şərq arasında körpü funksiyasını yerinə yetirir: “Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum və TANAP kimi beynəlxalq enerji layihələri vasitəsilə Azərbaycan öz təbii qaz və neft ehtiyatlarını Avropaya çatdırır. Bu layihələr Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğu qədər, Azərbaycanın iqtisadi və siyasi nüfuzunu da artırır.
Bundan əlavə, “Orta Dəhliz” kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) vasitəsilə Azərbaycan Çindən Avropaya uzanan yeni İpək Yolunun əsas hissəsinə çevrilibr. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası bu istiqamətdə ölkənin rolunu daha da gücləndirir.
Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsinə yüksəltmiş nadir ölkələrdəndir. Burada müxtəlif etnik və dini qruplar sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Azərbaycan həm Avropa, həm də İslam mədəniyyətinin təsirlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bakı şəhərində həm Şərq memarlığının incəliklərini, həm də Avropa modernizminin nümunələrini görmək mümkündür.
2016-cı ildə “Multikulturalizm ili” və Azərbaycanda fəaliyyət göstərən “Bakı Prosesi” kimi beynəlxalq təşəbbüslər ölkənin bu sahədəki qlobal rolunu nümayiş etdirir”.
Məlahət İbrahimqızı hesab edir ki, II Qarabağ müharibəsi nəticəsində özünün ərazi bütövlüyü və suverenliyini tam təmin edən Azərbaycan bu gün Cənubi Qafqazda yeni reallığın da təşəbbüskarı kimi çıxış edir: “Bu xüsusda Azərbaycan həm tarixi, həm mədəni, həm də geosiyasi baxımdan Qərblə Şərq arasında körpü rolunu uğurla davam etdirir. Onun bu mövqeyi yalnız keçmişlə deyil, həm də gələcək perspektivlərlə bağlıdır. Regional sabitliyin təmin olunması, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və mədəniyyətlərarası dialoqun təşviqi baxımından Azərbaycanın rolu daha da artmaqdadır. Bu baxımdan, Azərbaycan XXI əsrdə də Qərblə Şərqi birləşdirən strateji və mədəni körpü olmağa davam edəcəkdir”.
