BAKI, 9 sentyabr. SİYASƏTİNFO
Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilmiş xüsusi sessiyası keçirilib. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə əldə edilən tarixi zəfər fonunda siyasi-diplomtik müstəvidə qazanılan uğurlardan bəhs edilib. Bu gün Azərbaycan Ermənistanla sülh istiqamətində vacib addımlar atır. Artıq sülh sazişinin mətni paraflanıb. Cənubi Qafqaz üçün sülh, tərəqqi və inkişaf səhifəsi açılır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsində özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə ölkə ərazisində konstitusiya quruluşunun bərqərar olunmasına nail olan Azərbaycan regionda yeni reallığın da müəllifidir: “Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq inkişaf edən Azərbaycan bu gün Cənuni Qafqazın ən güclü və lider dövlətinə çebvrilib. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan regional və qlobal miqyasda aparıcı aktora çevrilib. Həyata keçirilən düzgün siyasət və reallaşdırılan strategiya bunun təmin edib”.

Deputat hesab edir ki, II Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana sülh təklifi təqdim edən tərəf olub: “Qalib olmasına baxmayaraq Azərbaycan özünün min illiklərdən gələn prinsiplərinə uyğun olaraq növbəti dəfə hümanizm dəyərlərinə sadiq qaldığını nümayiş etdirib. Sözsüz ki, müharibədən ötən 5 ilə yaxın müddətdə Ermənistanın sülh istiqamətində vaxt uzatmağa və prosesi manipuliyasiya etməyə hesablanmış addımları da diqqətdən yayınmayıb. Çünki uzun on illiklər məhz Ermənistan vasitəsi ilə bəzi kənar güclər bölgədə özünün çirkin maraqlarını reallaşdırmağa çalışıb. Azərbaycan ərazilərinin 90-cı illərin əvvəllərində işğal edilməsi, xalqımıza qarşı soyqırım və etnik təmizləmə siyasəti, ötən əsrin sonlarına yaxın Qərbi Azərbaycanlıların son nəfərinə qədər öz ata-baba ocaqlarından çıxarılması kimi məkirli siyasət bu “plan”ların tərkib hissəsi olub. Əsrin sonlarında ermənilərin bu xülyasını reallaşdırmağa Ulu Öndər Heydər Əliyev faktoru əngəl idisə, müasir dövrdə bu məkrli siyasət məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində tarixin arxivinə göndərildi. Bu gün Azərbaycan ərazisində uzun on illiklər kök salmış separatizm yuvasından əsər-əlamət qalmayıb. Azərbaycan özünün ərazi bütövlüyünün və suverenliyinin sahibi olaraq bölgədə sülhü və əməkdaşlığı təşviq edir. Bütün bunlar isə ümumilikdə bölgənin gələcəyini şərtləndirən başlıca amillərdir”.
