II Qarabağ müharibəsi dövründə və ondan sonrakı müddətdə Hindistanın davamlı olaraq Ermənistanı silahlandırmağa çalışması heç də birmənalı qarşılana bilməz. Azərbaycan ərazilərini işğal edən, soyqırım, etnik təmizləmə törədən bir dövlətə qarşı rəsmi Dehlinin ardıcıl olaraq dəstək verməsi tamam başqa amillərlə bağlıdır. Sözsüz ki, Azərbaycan tərəfi bu kimi yanaşmaları unutmur və özünün siyasi-diplomatik müstəvidə atdığı addımları ilə adekvat reaksiya verir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Hindistan və Azərbaycan arasında münasibətlər müstəqillikdən sonra diplomatik səviyyədə qurulsa da, son illərdə iki ölkə arasında gərginlik müşahidə olunur: “Bu gərginliyin əsas səbəblərindən biri Hindistanın Ermənistanla artan strateji əməkdaşlığıdır. Eyni zamanda rəsmi Dehli Azərbaycanın Pakistanla yaxın münasibətləri fonunda formalaşan yüksək əməkdaşlığına qısqanclıqla yanaşır. Fakt odur ki, Hindistan son illərdə Ermənistanla hərbi və siyasi sahədə əlaqələrini xeyli dərəcədə gücləndirib. Xüsusilə 2020-ci ildən sonra Hindistan Ermənistanı silahlarla təchiz etməyə başlayıb. 2022 və 2023-cü illərdə Hindistan Ermənistana raket sistemləri, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar satıb. Bu əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurub və rəsmi Bakı bu məsələ ilə bağlı diplomatik kanallarla öz narazılığını ifadə edib”.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyini gücləndirmək cəhdlərindən biri də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olmaq istəyidir: “Bu istiqamətdə atılan addımlara Hindistanın blok qoyması heç bir məntiqə uyğun deyil. Hindistanın Azərbaycanın təşkilata üzv olmasına blok qoyması yalnız ikitərəfli münasibətlərə deyil, həm də daha geniş regional geosiyasətə təsir göstərir. Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə qurulub və əsas məqsədi təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional sabitlikdir. Bu təşkilatda Çin, Rusiya, Hindistan, Pakistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan yer alır. Azərbaycan isə uzun illərdir müşahidəçi statusu ilə bu təşkilatda təmsil olunur və tamhüquqlu üzv olmaq niyyətini dəfələrlə bəyan edib”.
