BAKI, 4 sentyabr. SİYASƏTİNFO
Uzun on illiklər keçmiş münaqişə vəziyyətinin nizama salınması ilə bağlı təsis edilmiş ATƏT-in Minsk Qrupu artıq tarixin arxivinə göndərildi. 1 sentyabr 2025-ci il tarixindən ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının buraxılması ilə bağlı qərar qəbul edilib. Bununla da əslində lazımsız bir qrum kimi fomal olaraq qalmış Minsk Qrupu layiq olduğu qiyməti aldı.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubunun ünvanlanması ilə bağlı qərar verilib: “Məhz buna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Bununla da keçmiş münaqişə vəziyyəti ilə bağlı yaradılmış əslində heç bir faydası olmayan Minsk Qrupu səhifəsi bağlanmış oldu”.
Deputat bildirib ki, ATƏT-in sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşması ilə bağlı da qərar verilib: “Bununla da keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib. Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib. Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyü tam bərpa edilib. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub. Bu eyni zamanda 8 avqust 2025-ci il tarixində Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində atılan mühüm addımdır”.
Sevinc Hüseynova vurğulayıb ki, Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcək: “Azərbaycan rəsmiləri, o cümlədən Prezident İlham Əliyev dəfələrlə Minsk Qrupunun fəaliyyətinin mənasız hala gəldiyini vurğulamışdı. Çünki ATƏT-in Minsk Qrupu uzun illər davam edən fəaliyyətsizliyi və nəticəsiz danışıqları ilə yadda qaldı. İkinci Qarabağ müharibəsi isə onun missiyasının artıq başa çatdığını rəsmən olmasa da, faktiki olaraq göstərdi. Artıq yeni dövrə qədəm qoyan Cənubi Qafqazda regional sülh və əməkdaşlıq fərqli formatlarda, ikitərəfli qaydada aparılır”.
