BAKI, 2 sentyabr. SİYASƏTİNFO
1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Bununla da keçmiş münaqişə vəziyyəti ilə bağlı yaradılmış əslində heç bir faydası olmayan Minsk qrupu layiq olduğu yerə tarixin arxivinə göndərildi.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ATƏT-in sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb: “Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib. Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib. Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir”.

Deputat hesab edir ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi və ondan sonra yaranan yeni geosiyasi reallıqlar, uzun illər keçmiş münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin mahiyyətini də üzə çıxardı: “2022-ci ildən etibarən faktiki olaraq fəaliyyətini dayandıran Minsk Qrupu rəsmən buraxılmasa da, beynəlxalq və regional siyasi aktorlar tərəfindən artıq fəaliyyətsiz struktur kimi qəbul olunub. ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupu 1992-ci ildə yaradılıb. Məqsəd – Ermənistan ilə Azərbaycan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik etmək idi. Qrupun həmsədrləri – Rusiya, ABŞ və Fransa – münaqişənin əsas beynəlxalq vasitəçiləri kimi çıxış edirdilər. Amma faktiki olaraq 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra Minsk Qrupu müxtəlif formatlarda danışıqları davam etdirməyə çalışsa da, nəticə əldə olunmayıb. Azərbaycan tərəfi uzun illər qrupun fəaliyyətindən narazılıq edərək, onun münaqişənin ədalətli həlli üçün yetərincə irəliləyişə nail ola bilmədiyini bildirirdi. Ermənistan isə status-kvonun qorunmasından faydalanaraq danışıqları uzadırdı. Vaxtaşırı olaraq Minsk Qrupu “Madrid prinsipləri”, “Kazan görüşü” kimi müxtəlif təşəbbüslərlə çıxış etsə də, real sülhə nail ola bilmədi. 2020-ci ilin payızında baş vermiş 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatla müharibəyə son qoyuldu. Bu bəyanatda ATƏT-in Minsk Qrupuna heç bir istinad olunmadı, bu da qrupun faktiki olaraq prosesdən kənarda qalması demək idi. Sonrakı illərdə Minsk Qrupunun həmsədrləri arasında da fikir ayrılıqları meydana gəldi. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ və Fransa, Rusiya ilə əməkdaşlığı dayandırdıqlarını açıqladılar.

Azərbaycan rəsmiləri, o cümlədən Prezident İlham Əliyev dəfələrlə Minsk Qrupunun fəaliyyətinin mənasız hala gəldiyini və artıq onun missiyasının başa çatdığını bildirib. 2022-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi Minsk Qrupunun formal buraxılması məsələsini gündəmə gətirdi. 2023-cü ildən etibarən rəsmi Bakının Minsk Qrupu ilə heç bir əlaqə saxlamadığı, qrupun fəaliyyətsiz olduğu və artıq aktual olmadığı rəsmən bəyan olunub.
Rəsmi olaraq ATƏT tərəfindən Minsk Qrupunun buraxılması ilə bağlı qərar elan olunmasa da, 2022-ci ildən bu yana nə həmsədrlər arasında koordinasiya, nə də yeni danışıqlar təşəbbüsü qeydə alınmayıb. Bu baxımdan Minsk Qrupu beynəlxalq hüquqi status baxımından hələ də mövcud olsa da, siyasi və praktik baxımdan buraxılmış hesab olunurdu.
ATƏT-in Minsk Qrupu uzun illər davam edən fəaliyyətsizliyi və nəticəsiz danışıqları ilə yadda qaldı. İkinci Qarabağ müharibəsi isə onun missiyasının artıq başa çatdığını rəsmən olmasa da, faktiki olaraq göstərdi. Yeni dövrə qədəm qoyan Cənubi Qafqazda artıq regional sülh və əməkdaşlıq modelləri fərqli formatlarda – xüsusilə ikitərəfli danışıqlar və regional tərəfdaşlıqlar vasitəsilə inkişaf edir”.
