BAKI, 31 avqust. SİYASƏTİNFO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri iki ölkə arasında əlaqələrin yeni müstəviyə yüksəlməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasında yüksək səviyyədə qarşılanması, Azərbaycana olan münasibətin göstəricisidir.
Bu sözləri Siyasətinfoya Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.
O qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevlə Çinin Sədri Si Cinpin arasında aparılan səmimi müzakirələr mühüm istiqamətləri əhatə edib: “Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürlərini çatdırıb. Azərbaycanla Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğu qeyd olunub. Hazırda bu əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulanıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri məmnunluqla xatırlanıb. Ölkələr arasındakı ticarət dövriyyəsinin, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyi diqqətə çatdırlıb. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyi, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyəti, bu xüsusda Trans-Xəzər marşrutunun önəmi vurğulanıb. Çinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsi əsas istiqamətlərdəndir”.
Şura sədri bildirib ki, Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyəti də Liderlərin görüşündə geniş şəkildə müzakirə olunub: “Görüşdə Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini bir daha bəyan edilib. Çin Lideri ilə görüşdə cənab Prezident İlham Əliyev dəvətə görə təşəkkürünü bildirib və Çin Xalq Respublikasının xarici hərbi müdaxilə üzərində qələbəsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərini və aparılmış dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd etdi, müfəssəl strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Cənab Prezident bir daha Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycanla Çin arasındakı ticarət münasibətləri, “Bir kəmər, bir yol” layihəsi, Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artması əhəmiyyətlidir: “Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda aparıldığı, artıq iki ölkə arasında sülhün bərqərar olduğu vurğulanıb. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi məmnunluqla qeyd edildi. Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bu bir reallıqdır ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə qurulub. O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsiplərinə əsaslanır. Hazırda Azərbaycan və Çin arasındakı siyasi əlaqələr yüksək səviyyəli dialoqla xarakterizə olunur. Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və keçmiş Qarabağ münaqişəsi ilə bağlı balanslı mövqe tutub. Azərbaycan da eyni şəkildə “Vahid Çin” siyasətini dəstəkləyir və daxili işlərinə qarışmır. Son illərdə Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələr daha da dərinləşmişdir. Azərbaycan Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçılarından biridir. Bu təşəbbüs Azərbaycan üçün nəqliyyat-tranzit imkanlarını genişləndirmək və regionda logistika mərkəzinə çevrilmək baxımından əhəmiyyətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Çin münasibətləri qarşılıqlı maraqlara və strateji əməkdaşlığa əsaslanır. Regional və qlobal səviyyədə baş verən dəyişikliklər fonunda bu əlaqələrin dərinləşməsi hər iki ölkənin maraqlarına xidmət edir. Gələcəkdə enerji, logistika, rəqəmsal texnologiyalar və təhsil sahəsində əməkdaşlığın daha da genişlənəcəyi proqnozlaşdırılır”.
