BAKI, 31 avqust. SİYASƏTİNFO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasında yüksək səviyyədə qarşılanması, Azərbaycana olan münasibətin bariz nümunəsidir. Bu gün Azərbaycanla Çin arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Əlaqələrin yüksək səviyyədə inkişafında hər iki ölkə Lideri arasında olan səmimi münasibət mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Çinə səfərinin tarixi əhəmiyyətini şərh edərkən deyib.
O qeyd edib ki, səfər çərçivəsində Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü, aparılan səmimi müzakirələr əlaqələrin bundan sonrakı dövr üçün inkişafını bir daha təsdiq edir: “Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirdi. Si Cinpin Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırladı, bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxundu. Həmçinin ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyi bildirilib. Eyni zamanda Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyəti, bu xüsusda Trans-Xəzər marşrutunun önəmini diqqətə çatdırılıb. Çinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsinin bu xüsusda önəmi böyükdür.
Eyni zamanda Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyəti də Liderlərin görüşündə müzakirə edilib. Görüşdə Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini bir daha bəyan edib”.

Məlahət İbrahimqızı vurğulayıb ki, Çin Lideri ilə görüşdə cənab Prezident İlham Əliyev dəvətə görə təşəkkürünü bildirib və Çin Xalq Respublikasının xarici hərbi müdaxilə üzərində qələbəsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb: “Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərini və aparılmış dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd etdi, müfəssəl strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb. Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Cənab Prezident bir daha Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib”.
Deputat Azərbaycanla Çin arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu qeyd edib: “Dövlətimizin başçısı da Çin Lideri ilə görüşdə “Bir kəmər, bir yol” layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib. Həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda aparıldığı, artıq iki ölkə arasında sülhün bərqərar olduğu vurğulanıb. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi məmnunluqla qeyd edildi. Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyi vurğulandı”.
