Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində çox mühüm mesajlar səsləndirib. Ölkəmizin başçısı hazırda Cənubi Qafqazda, Yaxın Şərqdə və qlobal miqyasda baş verən proseslərə diqqəti cəlb edib. Vurğulanıb ki, bu gün Azərbaycan regionda qalıcı sülhün tərəfdarı kimi əməkdaşlığı, qarşılıqlı maraqlara əsaslanan münasibətləri təşviq edir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində vermişi olduğu mesajların əhəmiyyətini şərh edərkən deyib.
O, qeyd edib ki, ölkə başçısının da müsahibəsində vurğuladığı kimi Azərbaycanla Ermənistan arasında avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu demək idi: “Azərbaycan ərazilərinin 1990-cı illərin əvvəlindən Ermənistan tərəfindən işğalı, bir milyona yaxın soydaşımızın öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsi nəticəsində arzuolunmaz bir vəziyyət yaranmışdı. Faktiki olaraq o vaxt Azərbaycanın zəif durumundan və ölkədəki xaosdan istifadə edən Ermənistan havadarlarının yardımı ilə torpaqlarımızın 20 faizini işğal edib, ərazilərimizdə soyqırım, etnik təmizlmə və vandallıq aktları icra etmişdi. Dövlətimizin başçısı da müsahibəsində bu kontesktdə meydana gələn reallıqları açıq şəkildə bəyan edib. 30 ilə yaxın davam edən işğala baxmayaraq beynəlxalq birliyin buna seyrici yanaşır, BMT Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrə məhəl qoyulmaması kimi hallar isə işğalçını daha da “həvəsləndirirdi”. Azərbaycan dövləti və xalqı sözsüz ki, bu işğalla barışa bilməzdi. Məhz 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü, suverenliyini tam təmin etməyə nail oldu. 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki bir günlük lokal antiterror tədbirləri nəticəsində isə uzun on illiklər Azərbaycan ərazisində kök salmış separatizmin kökü kəsildi. Bununla da Azərbaycan öz ərazisi üzərində konstitusiya quruluşunu tam olaraq bərqərar etmiş oldu”.

Deputat Prezident İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi Azərbaycanın bu gün sülh təşəbbüskarı olduğunu, ilk addımın da rəsmi Bakı tərəfindən atıldığını söyləyib: “Bu sülh konsepsiyası bölgədə sabitliyi, əməkdaşlığı və qarşılıqlı əlaqələrin formalaşmasına başlıca zəmin yaradacaq. Bununla da Cənubi Qafqazda dağıdıcı münaqişə dövrünə son qoyulacaq. Azərbaycan dövlətinin II Qarabağ müharibəsindən sonrakı dövrdə sülh təşəbbüslərini təəsüf ki, erməni tərəfi lazımi şəkildə qiymətləndirə bilmirdi. Məhz avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh müstəvisində ciddi addımlar atıldı. Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh sənədi paraflandı, eyni zamanda Zəngəzurdan keçən “Tramp dəhlizi” adlanan kommunikasiya xəttinin açılması ilə bağlı razılaşma əldə edildi. Halbuki, bunu müharibədən ötən 5 il ərzində Azərbaycan tərəfi dəfələrlə bəyan edirdi”.
Məlahət İbrahimqızı cənab Prezidentin müsahibəsində Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan tərəflərə də açıq mesajlar ünvanladığını bildirib: “Bu bir reallıqdır ki, Zəngəzur dəhlizinin açılması heç bir dövlətə qarşı deyil və heç bir dövlətin sərhəddini, onun beynəlxalq çıxışlarını məhdudlaşdırmır. Əksinə bu dəhliz regionda yeni iqtisadi canlanmaya səbəb olacaq. Bundan bütün region dövlətləri yararlanacaq. Cənab Prezident həmçinin son zamanlar Rusiya Azərbaycan münasibətlərində yaranmış gərginliyin də məhz qarşı tərəfin məhsuliyyəti öz üzərindən atmaq cəhdi və ölkəmizə, xüsusən də bu ölkədə yaşayan soydaşlarımıza qarşı aqressiya ilə bağlı olduğunu qeyd edib. Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasına görə bütün məsuliyyət bu ölkənin üzərində düşür.
Eyni zamanda cənab Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri arasında birliyin günü-gündən möhkəmləndiyini və bunun sülhə əməkdaşlığa söykəndiyini diqqətə çatdırıb”.
