Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgələrə müntəzəm səfərləri son illərdə Azərbaycan Respublikasının regional inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Xüsusilə 2020-ci ildə Vətən müharibəsindən sonra azad olunmuş torpaqlara edilən səfərlər həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Bu səfərlər təkcə infrastrukturun bərpasını yox, eyni zamanda xalqla birbaşa təmas, sosial rifahın qiymətləndirilməsi və dövlətin yeni dövrdə vətəndaşa münasibətinin ifadəsi baxımından da mühüm rol oynayır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, cənab Prezidentin ölkəmizin bölgələrinə hər bir səfərinin mahiyyəti strateji məqsədlərə xidmət edir: “Yolların, məktəblərin, xəstəxanaların və digər ictimai obyektlərin inşası və yenidən qurulması Prezidentin bilavasitə nəzarətində həyata keçirilir. Bu da büdcə vəsaitlərinin şəffaf və səmərəli istifadəsinə zəmin yaradır. Həmçinin Prezident səfərləri zamanı yerli əhali ilə görüşləri, aparılan səmimi söhbətlər yaddaqalan xatirələrə çevrilir. Xüsusilə işğaldan azad olunmuş bölgələrə səfərlər milli həmrəyliyin simvoluna çevrilib. Prezidentin bu torpaqlarda olması xalqda dövlətə və gələcəyə olan inamı daha da gücləndirir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Gəncədə və ətraf ərazilərdə görülən işlərlə tanış olması, Kəlbəcərə səfəri öz doğma ocaqlarına qayıdan kəlbəcərlilərlə görüşü tarixi anlar kimi yaddaşlara həkk olundu: “Kəlbəcər 2020-ci il noyabrında Ermənistan silahlı qüvvələrinin bölgədən çıxması ilə Azərbaycan ordusunun nəzarətinə keçib. Şəhərin tamamilə viran qoyulmuş vəziyyətdə olması bərpa prosesinin mürəkkəbliyini ortaya qoysa da, bu gün artıq Kəlbəcər həyat qayıtmağa başlayıb. Cənab Prezident İlham Əliyevin Kəlbəcərdə ilk dəfə daimi məskunlaşan ailələrlə şəxsən görüşərək onlarla səmimi söhbəti, bir çox məsələlərə bağlı verilən mesajlar da olduqca əhəmiyyətli idi. Ölkəmizin başçısının da qeyd etdiyi kimi bu gün Kəlbəcərin həyatında yeni bir mərhələ başlayır”.
Məlahət İbrahimqızı cənab Prezident İlham Əliyevin Kəlbəcərdə sakinlərlə görüşdə verdiyi mesajların da əhəmiyyətinə toxunub: “Dövlətimizin başçısı çıxışında Azərbaycan ərazilərinin işğalı və tarixi zəfərin milli birlik nəticəsində əldə olunduğunu bildirib. Bu gün isə Azərbaycan əraziləri azaddır. 30 ilə yaxın bu bölgədə özünün işğal siyasətini həyata keçirmiş Ermənistan artıq yeni reallıqla barışmaq məcburiyyətindədir. Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycan dövləti və xalqı bu gün öz tarixinin ən qürurlu dövrünü yaşayır”.
