BAKI, 17 avqust. SİYASƏTİNFO
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyəti Azərbaycan dövlətinin və xalqının milli maraqlarının ən yüksək səviyyədə tərənnümünə əsaslanır. Ölkəmizin bütün maraqları bu gün regional və qlobal miqyasda qorunur və təbliğ edilir. Sözsüz ki, bu uğurlu strategiya Ulu Öndər Heydər ƏLiyevin müəyyənləşdirdiyi azərbaycançılıq idelogiyasına və cənab Prezident İlham Əliyevin praqmatik siyasət strategiyasına söykənir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində səsləndirdiyi mesajların əhəmiyyətindən bəhs edərkən deyib.
Onun sözlərinə görə II Qarabağ müharibəsindən ötən 5 il ərazində Azərbaycan regional və qlobal miqyasda özünün milli maraqlarını təmin etmiş, ərazi bütövlüyü və suverenliyi bərqərar olmuş ölkə kimi vacib mövqeyə sahibdir: “Cənubi Qafqazda formalaşan yeni konfiqurasiyanın da müəllifi güclü və qalib Azərbaycandır. Cənab Prezidentin ABŞ-ə bu ölkənin Prezidenti Donald Trampın dəvəti ilə baş tutan səfəri, keçirilən görüşlər, aparılan müzakirələr, nəhayətdə əldə edilən nəticələr tarixi xarakterə malikdir. Ölkəmizin başçısı da “Fox News” telekanalına müsahibəsində bu amillərə diqqət çəkərək ABŞ-Azərbaycan münasibətlərinin yeni müstəvidə inkişafından bəhs edib. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşlərin yekunu olaraq əldə olunmuş mühüm nəticələr də Cənubi Qafqaz üçün yeni dövrün yəni sülh, əməkdaşlıq, inkişaf və iqtisadi fəallıq mərhələsinin başlanıldğına təminat vermiş oldu”.

Məlahət İbrahimqızı vurğulayıb ki, cənab Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın sülh gündəliyi, keçmiş qaranlıq dövrə aid səhifələri qapatmaq niyyəti açıq şəkildə ifadə edilib: “Eyni zamanda Azərbaycanın təkcə Ermənistanla deyil, regionun digər ölkələri ilə də qarşılıqlı maraqlara əsaslanan münasibətlərin formalaşmasında maraqlı olduğu bəyan edilib. Sözsüz ki, dövlətimizin başçısı müsahibəsində toxunduğu əsas məqamlardan biri də Vaşinqton prosesi ilə bağlı idi. Ölkəmizin Liderinin də qeyd etdiyi ki, hazırda Azərbaycanla Ermənistan arasındakı sülh prosesindəki irəliləyiş ABŞ Prezidenti Donald Trampın aktiv diplomatiyaya qayıdışı sayəsində mümkün olub. Azərbaycan lideri həmçinin Cozef Bayden administrasiyası dövründə Azərbaycan haqqında ədalətsiz rəy formalaşdırıldığını söyləyib. O, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində fəaliyyət apardığını və bu sahədə ABŞ ordusu ilə əməkdaşlıq etdiyini xatırladıb.
Prezident İlham Əliyev müsahibəsində həmçinin bildirib ki, “İstər regionumuzdan olan, istərsə də regionumuzdan kənarda yerləşən istənilən dövlət tərəfindən bugünkü nailiyyətlə bağlı hər hansı bir mənfi fikir bildirilməsi çox çətin olar. Çünki bu gün biz sülh istiqamətində yekun addımı atdıq”.
Ölkəmizin başçısı Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Bildirib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq.Prezident İlham Əliyev müsahibəsində həmçinin ABŞ Prezidenti Donald Tramp və onun komandasına razılaşmanın əldə olunmasındakı roluna görə minnətdarlığını da ifadə edib. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan dünyanın supergücə malik olan ölkəsi tərəfindən ən yüksək səviyyədə qəbul edilir və onunla əməkdaşlığa böyük maraq var. Bu isə Prezident İlham Əliyevin liderliyi ilə əldə edilən tarixi nəticələrdir”.
