BAKI, 14 avqust. SİYASƏTİNFO
Müasir beynəlxalq münasibətlər sistemində sülh və sabitlik dövlətlərin əsas məqsədlərindən biri olmalıdır. Bu mənada Azərbaycan Respublikasının xarici və daxili siyasətində sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqi mühüm yer tutur. Azərbaycan, müstəqilliyini bərpa etdiyi gündən etibarən, qonşu ölkələrlə mehriban münasibətlər qurmağa və regionda davamlı sülhün təmin edilməsinə çalışıb. 90-cı illərin əvvəllərində ölkəmizdəki daxili xaosdan istifadə edən Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, soyqırım etnik təmizləmə siyasəti həyata keçirib.
Bu sözləri Siyasətinfoya Milli Məclisi deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalda saxlanılmasına baxmayaraq ölkəmiz prosesin sülh müstəvisində həllinə tərəfdar olub: “Amma bütün bunlara baxmayaraq sülh prosesini, danışıqları sabotaj edən tərəf Ermənistan olub. Münaqişənin tənzimlənməsi ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupu isə Azərbaycan ərazilərinin işğalına “haqq” qazandırmağa çalışıb. Sözsüz ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı çıxarmış olduğu mühüm qətnamələr də bu kontekstdə 30 ilə yaxın kağız üzərində qalıb. Bütün bunlardan daha da şirniklənən Ermənistan isə Azərbaycana qarşı təxribat xarakterli addımlarından əl çəkmir, keçmiş cəbhə xətti boyu davamlı olaraq özünün çirkin niyyətini ifadə etməyə çalışırdı. Sözsüz ki, Azərbaycan dövləti və xalqımız bütün bunları görür lazımı məqamı gözləyirdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti erməni təxribatına qarşı başlayan və cəmi 44 günü davam edən Vətən Müharibəsində işğalçı Ermənistan döyüş meydanında məğlub olaraq kapituliyasiya aktına imza atmağa məcbur oldu. Bununla da Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. II Qarabağ müharibəsindən sonra isə qalib tərəf olmasına baxmayaraq sülh təşəbbüskarının müəllifi də məhz Azərbaycan olub”.
Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə regional və qlobal miqyasda sülh təşəbbüskarıdır: “ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşçdə də Cənubi Qafqazda sülh və təhlükəsizlik, əməkdaşlıq, regional kommunikasiya xəttlərinin blokadadan çıxarılması kimi vacib məsələlər müzakirə olunub. ABŞ-lə Azərbaycan arasında əldə edilən mühüm razılaşmalar, məlum “907-ci” düzəlişin dondurulması, Zəngəzur dəhlizinin açılması, ATƏT-in Minsk Qrupunun buraxılmasına dair birgə bəyanatın qəbul edilməsi, sülh sazişinin paraflanması olduqca önəmli nəticələr idi. Bütün bunlar Azərbaycanı dövlətinin ortaya qoymuş olduğu sülh mövqeyinə əsaslanır. Çünki Azərbaycanın sülh tərəfdarı olması yalnız diplomatik ritorika ilə məhdudlaşmır, bu, həm də konkret addımlar və real təşəbbüslərlə özünü göstərir. Ərazi bütövlüyünü təmin etdikdən sonra, revanşist siyasətdən uzaq duraraq, gələcəyə baxmaq və regionda uzunmüddətli sabitlik yaratmaq Azərbaycanın əsas prioritetidir. Bu baxımdan, Azərbaycan həm regional, həm də qlobal müstəvidə sülhün qurulmasında etibarlı tərəfdaş kimi çıxış edir”.
