Azerbaijan flag on the Flaming Tower. The Flaing Tower compreised of 3 towers, as offices and a luxurious hotel. It stands out from the old town of Baku from this angle.
Bu gün Azərbaycan bölgədə söz sahibidir. Ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı aktora çevrilib. Tarixi zəfərlə nəticələnən 2020-ci il Vətən müharibəsi, artan iqtisadi potensial, enerji resurslarının səmərəli idarə olunması və regional əməkdaşlıqlarda fəal iştirak ölkəmizin bu statusunu daha da möhkəmləndirib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı qələbə yalnız ərazi bütövlüyümüzü bərpa etməklə kifayətlənmədi, eyni zamanda ölkənin regiondakı geosiyasi mövqeyini köklü şəkildə dəyişdi: “Ermənistanın illərlə işğal altında saxladığı torpaqlar azad edildi. Bununla da beynəlxalq hüquq bərpa olundu. Hərbi sahədə qazanılan bu uğur bölgədə yeni reallıqlar yaratdı. Sözsüz ki, ölkəmizin enerji strategiyası onun etibarlı tərəfdaş mövqeyini daha da gücləndirib. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi beynəlxalq layihələr Azərbaycanın enerji resurslarını dünya bazarına çatdırmaqla, ölkəyə iqtisadi dividentlər gətirməklə yanaşı, onun siyasi nüfuzunu daha da gücləndirir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu durmadan artır. Bundan əlavə, qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadi islahatlar ölkənin davamlı iqtisadi inkişafını təmin edir”.

Deputat Azərbaycanın Türk Dövlətləri Təşkilatında, Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda fəal iştirakına diqqət çəkib: “Xüsusilə Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi və Zəngəzur dəhlizinin açılması perspektivi Azərbaycanın regionda logistika və nəqliyyat baxımından da mərkəzə çevrilməsinə şərait yaradır. Eyni zamanda, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti qonşu dövlətlərlə mehriban münasibətlərin qurulmasına və əməkdaşlığın genişlənməsinə imkan verir. Azərbaycan həmçinin beynəlxalq tədbirlərin təşkilatçısı kimi də tanınır. Bakı Humanitar Forumu, mədəniyyətlərarası dialoq üzrə konfranslar və beynəlxalq idman yarışları Azərbaycanın dünyaya açılan mədəniyyət pəncərəsi rolunu oynayır. Bu isə ölkənin “yumşaq güc” (soft power) vasitəsilə nüfuz dairəsini genişləndirməsinə imkan verir.
Məlahət İbrahimqızı hesab edir ki, əldə edilən bu uğurlar Azərbaycanın yalnız regionun coğrafi mərkəzi deyil, eyni zamanda siyasi, iqtisadi və mədəni baxımdan əsas söz sahibi olduğunu bir daha təsdiq edir: “Güclü ordu, dayanıqlı iqtisadiyyat, fəal diplomatiya və milli birliyin vəhdəti Azərbaycanın regional liderliyini təmin edən əsas sütunlardır. Gələcəkdə bu mövqenin daha da möhkəmlənəcəyi şübhəsizdir. Məhz Prezident İlham Əliyevin Liderliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın regional və qlobal miqyasda mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir”.
