8 avqust tarixində Vaşinqtonda keçirilən Üçtərəfli Zirvədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ilk tarixi qərarlardan sonra demək olar ki, dünyanın ən nüfuzlu media səhifələrində və sosial şəbəkələrdə baş xəbər kimi ən çox müzakirə olunan bu əlamətdar və tarixi Zirvə haqqındadır. Sözün həqiqi mənasında da bu hadisə çağdaş dünyanın barış tarixinin ən önəmli hafisələrindən biri kimi yazılacaqdır. Bu mənada bu hadisə hələ bundan sonra da uzun müddət təhlil ediləcək və müzakirə olunacaqdır. Tarixi Zirvədən keçən bu 4-5 gün ərzində ən çox istifadə etdiyim X səhifəsində demək olar ki, günün çox hissəsində həm erməni, həm də azərbaycanlı izləyicilərin şərhlərini izləyirəm. Erməni istifadəçilərin və izləyicilərin əksəriyyəti bu Zirvədə paraflanmış sənədlə bağlı fikirlərində yenə də Azərbaycana qarşı nifrət və etimadsızlıq ifadə edir. Çox az sayda erməni istifadəçisi buna ya müsbət, ya da loyal baxır. Əksinə Azərbaycan istifadəçiləri və izləyicilərindən demək olar ki, ermənilərə nifrət bildirən heç bir şərhlə rastlaşmadım. Azərbaycanlıların çox az bir hissəsi ermənilərə etimad göstərməyə inamlarının olmadığını ifadə edir. Hesab edirəm ki, rəsmi İrəvan tərəfindən Sülh sazişi imzalanadək uzun illər erməni millətçiləri və revanşistləri tərəfindən beyni zəhərlənmiş erməni xalqı ilə çox ciddi müalicəvi və profilaktik iş aparılmalıdır. Eyni zamanda rəsmi İrəvan bununla bağlı hətta Ermənistanın müvafiq qanunları çərçivəsində erməni diasporunun, ANCA və erməni lobbisinin Azərbaycana qarşı düşmənçilik təbliğatının qarşısının alınması ilə bağlı ciddi qanuni mexanizm hazırlanmalıdır.
Bu düşüncə və zehniyyatla erməni xalqı öz gələcəyini yenə də təhlükə altına ala bilər. Sözsüz ki, Dəmir Yumruğun qüdrəti bütün dünyaya bəllidir. Bu mənada Azərbaycan xalqının qürur duyduğu Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə çox minnətdarıq. Müdrik Dövlət Başçımız bunu bilərəkdən haqlı olaraq Sülh Müqaviləsi imzalanana qədər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ilə bağlı bütün maddələrin mütləq şərt kimi çıxarılmasını tələb etməsi bütün Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Milli Məclisin deputatı
Məlahət İbrahimqızı
