Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri tarixi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, əldə edilən nəticələr olduqca önəmli idi. Sözsüz ki, Azərbaycan Prezidentinin Amerika səfəri mühüm istiqamətləri əhatə edirdi. Bu Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinin yeni mərhələdə inkişafı baxımdan da təsirlidir. Eyni zamanda bu səfərdə Azərbaycan-Ermənistan sülh gündəliyi əsas müzakirə edilən mövzulardan oldu.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Amerikaya səfəri fonunda ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir: “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” bunu təsdiq edir. Donald Tramp tərəfindən “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandıran sənədin imzalanması da olduqca əhəmiyyətlidir. Bu “akt” torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən qanun qəbul etmişdi. Təəsüf ki, ABŞ-in sabiq prezidenti və dövlət katibi Cozef Bayden və Entoni Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına “907 saylı” düzəlişi yenidən canlandırmış, Azərbaycana qarşı təziq vasitəsi bundan yararlanmağa çalışırdılar”.
Şura sədri bildirib ki, ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir N.Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması tarixi hadisə idi: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Bunlar Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi və Ermənistan konstitusiyasina dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı idi. Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqləndi. Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır”.
Aqil Məmmədov bildirib ki, yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur: “Vaşinqton görüşlərində Zəngəzur dəhlizinə dair əldə edilən razılaşmanın da mahiyyəti böyükdür. İmzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır. Vaşinqtonda həmçinin Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Prezident D.Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq. Vaşinqtonda baş vermiş daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Sözsüz ki, paraflanma hələ sülh müqaviləsinin imzalanması demək deyil. Bununla belə bu istiqamətdə ciddi addımdır. Prezident İlham Əliyevin Vaşinqton səfəri, imzalanan birgə sənədlər Azərbaycan tarixinə növbəti siyasi, diplomatik uğurdur”.
