BAKI, 7 avqust. SİYASƏTİNFO
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri tarixi əhəmiyyət kəsb edir. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan bu səfər iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi də dəyərləndirilir. Amerikanın sabiq prezidenti Cozef Baydenin dövründə Azərbaycan-ABŞ əlaqələrində durğunluq yaranmışdı. Baydenın ermənipərəst mövqe tutması Bakı-Vaşinqton münasibətlərinə mənfi təsir etmişdi. Tramp dövründə isə əlaqələrin inkişafına xidmət edən mühüm əlamətdar addımlar atılır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin ABŞ-ə səfəri, Trampla olan münasibətlər əlaqələrin bundan sonrakı inkişafı baxımından təsirlidir: “Sözsüz ki, ABŞ-Azətbaycan münasibətləri iki ölkə arasındakı ikitərəfli əlaqələrlə yanaşı dəyişən beynəlxalq təhlükəsizlik mühiti və regional geosiyasi düzən fonunda mühüm əhəmiyyət daşıyır. Bu səfər ABŞ-ın Cənubi Qafqaz siyasətinə yenidən baxmaq istəyi, Azərbaycanın regionda artan rolu və enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrildiyi bir dövrə təsadüf edir. Eyni zamanda Prezident İlham Əliyevin ABŞ-a səfəri, xüsusilə 2020-ci ildə II Qarabağ müharibəsindən sonra formalaşan yeni regional düzənin fonunda baş verir. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və sülh prosesinin təşəbbüskarı kimi çıxış etməsi onun beynəlxalq nüfuzunu artırıb. Bu reallıq təbii ki, ABŞ-də daxil olmaqla Qərb dövlətlərinin regiona baxışını dəyişdirib”.

Deputat hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi əldə edilən mühüm nəticələr fonunda ABŞ-də baş tutacaq ikitərəfli formatda danışıqlar da prosesin irəliyə aparılmasında olduqca önəmlidir: “Bu xüsusda ABŞ regionda sabitliyin və təhlükəsizliyin qorunmasında Azərbaycanın rolunu vacib hesab edir. Prezident İlham Əliyevin səfəri çərçivəsində aparılan danışıqlarda da Cənubi Qafqazda davamlı sülh, Ermənistanla münasibətlərin normallaşdırılması və nəqliyyat-kommunikasiya xəttlərinin açılması əsas müzakirə mövzularından biri olacağı deyilir. Avropa və ABŞ üçün enerji resurslarının şaxələndirilməsi məsələsi son illərdə, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra daha aktualdır. Bu kontekstdə Azərbaycan strateji enerji təchizatçısı kimi ön plana çıxır”.
Məlahət İbrahimqızına görə, Prezident İlham Əliyevin Liderliyi ilə bu gün Cənubi Qafqazda sülh və təhlükəsizlik arxitekturası yenidən qurulur: “Ərazi bütövlüyü və suverenliyini təmin etməsi fonunda bölgədə sülh təşəbbüslərinin müəllifi də məhz Azərbaycandır. Rəsmi Bakı qarşılıqlı maraqlar müstəvisində əlaqələrin qurulmasını, sülh və təhlükəsizliyin təmin olunmasını, regional kommunikasiya xətlərinin inkişafa zəmin yaradacağını təşviq edir. Azərbaycan Prezidentinin ABŞ-yə səfəri Ona göstərilən yüksək səviyyəli münasibət ölkəmizin güclənin mövqeyi və onun Liderinin ortaya qoymuş olduğu prinsipial mövqeyi ilə bağlıdır”.
