BAKI, 6 avqust. SİYASƏTİNFO
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Siyasətinfoya müsahibəsində son zamanlar ölkəmizə qarşı qərəzli iddialar səsləndirən daxildə və xaricdə olan dağıdıcı qüvvələrin mahiyyətindən danışıb.
Onunla müsahibəni təqdim edirik:
– Məlahət xanım, məlumdur ki, son vaxtlar Azərbaycana qarşı yeni bir qərəzli və çirkli kampaniyaya start veriblər. Biz bunu son vaxtlar tarixin utanc səhifəsinə yazılmış bəzi antimilli qüvvələrdən tez-tez alınan və dünyada Qalib Dövlətimizin imicinə gölgə salmağa yönəlik müsahibələrdə daha çox görürük. Ümumiyyətlə siz bununla bağlı nə deyə bilərsiz?
– Bu bir gerçəklikdir və etiraf etməliyik ki, Azərbaycan gücləndikcə ölkəmizi sevməyən qüvvələr öz düşmənçiliklərindən əl çəkmək əvəzinə onlar qılaflarını dəyişərək, başqa formatda anti-Azərbaycan təbliğatı ilə çirkli əməllərini davam etdirirlər. Ümumiyyətlə bu qüvvələr öz fəaliyyətlərini bir dəqiqə də olsa dayandırmayıblar. Sadəcə onlar fürsət gözləyirlər. Yəqin ki, hər kəs xatırlayır…Möhtərəm Prezidentimiz sonuncu Prezident seçkisindən sonra Milli Məclisdə çıxışında dedi ki, “biz 44 günlük Vətən Müharibəsi və Xankəndi ətrafında uğurla həyata keçirilmiş anti-terror əməliyyatı ilə elə bir tərpənməz daşları yerindən etmişik ki, Azərbaycanı sevməyən qüvvələr bunu bizə asanlıqla bağışlamayacaq”. Əslində bu fikirlər təkcə millət vəkillərinə deyil, bütün xalqa ünvanlanmış müdrik və uzaqgörən fikirlər idi. Biz bu gün bunların canlı şahidləriyik. Sözsüz ki, bütün bu qüvvələrin arxasında erməni lobbisi və onu idarə edən Fransa kimi dövlətlər durur. Bu gün də görünən də odur ki, hətta 44 günlük Vətən müharibəsindən sonra belə bu günkü Paşinyan Ermənistanı ilə erməni diasporunun və lobbisinin Azərbaycana qarşı mövqeyi təm bir-birinə ziddir. Çox təəssüf ki, əvvəllər də olduğu kimi, bu qüvvələr anti-Azərbaycan əməllərini gerçəkləşdirmək üçün onların taşeron təşkilatları olan ölkəmizin daxilində və xaricində olan antimilli qüvvələrdən istifadə edirlər. Çağdaş tariximizə milli satqınlar kimi yazılmış bu qüvvələr üçün milli ləyaqət, milli qürur və şərəf məsələsi yoxdur. Bu gün Azərbaycanın bütün ziyalılarının, siyasi partiyaların və vətəndaş cəmiyyətinin ölkəmizdə sabitlik və inkişaf naminə həmrəylik üçün səfərbər olduğu dövrdə bu qüvvələr utanmaq hissi belə keçirmədən genetik Azərbaycanofobiya xəstəliklərinə düçar olmuş bəzi destruktiv qüvvələrin maliyyəsi ilə ölkəmizə və dövlətimizə qarşı növbəti çirkli oyunun “peşka”larına çevriliblər.
– Davamlı olaraq Azərbaycana qarşı çıxan bu qüvvələrin əsas məqsədi nədir?
– Onların məqsədi aydındır. Nəinki milli məsuliyyəti dərk etməyən, utanmaq bilməyən bu antimilli qüvvələr bu gün öz ağalarının sifarişini həyata keçirmək üçün yeni fəaliyyətə başlayıblar. Göründüyü kimi son vaxtlar təkcə Avropa və ABŞ-dəki deyil hətta Rusiyada hakimiyyətdəki erməni lobbisi tarixin arxivinə atılmış keçmiş Dağlıq Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi ilə bağlı nəinki beynəlxalq hüququn pozulmasından çəkinmirlər. Hətta hər cür vasitədən istifadə etməyi belə onların aparıcı media səhifələrindən oxumaq olur. Bu qüvvələr dövlətimizin sarsılmaz gücünü bilsələr də, heç olmasa ölkədə xaos yaratmağa və beləliklə də bölgənin təhlükəsizliyini və sabitliyini pozmağa çalışırlar. Sözsüz ki, bu cəhdlər qəbuledilməzdir və bu cəhdlərin önündə Dəmir Yumruq dayanır. Bugün hər kəsə məlumdur ki, Azərbaycana qarşı ifrat düşmənçilik siyasəti yürüdən bu qüvvələrin içimizdəki “lideri” yenə də AXCP sədri Əli Kərimlidir. Siyasi meydandan ümumxalq qəzəb ilə birdəfəlik və çoxdan qovulmuş Əli Kərimli buna baxmayaraq, nəyin bahasına olur-olsun, öz ifrat ritorikası ilə gündəmdə qalmaq üçün indi də “siyasi məhbus” adı ilə qərəzli çağırışlar səsləndirərək cəmiyyətin həssas qruplarının şüurunu zəhərləməyə, mövcud sabitliyi pozmağa və ölkədə hərc-mərclik mühiti yaratmağa çalışır.
– Azərbaycana qarşı olan qüvvələr daxildə öz çirkin maraqları və zərərli ideyalarını daha çox kimlərin əli ilə tirajlamağa çalışır?
– Əslində bu, təkcə ölkəmizin milli və strateji maraqlarına deyil həm də ümumxalq iradəsinə qarşı yönəlmiş çirkin fəaliyyətdir. Bu gün hər kəs bilir ki, bugünkü Qalib Dövlət minlərlə şəhidlərimizin qanı və qəhrəman qazilərin sağlamlığı ilə qurulubdur. Əli Kərimli və onun “silahdaşları” olan anti-milli qüvvələr çox yaxşı bilir ki, bu gün Azərbaycanda qanunun aliliyi dövlətin müvafiq qurumları tərəfindən göz bəbəyi kimi qorunur. İstənilən məsələnin həlli ancaq hüquq müstəvisində həll edilir. Tutduğu vəzifədən və mövqedən asılı olmayaraq, hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməli və məsuliyyətdən kənarda qala bilməz və heç kəsin bu məsələdə qanun qarşısında toxunulmaz hüququ yoxdur. Bu gün hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və insan haqlarının müdafiəsi istiqamətində əsaslı islahatlar həyata keçirilir. Bu uğurlu islahatlar hətta beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Milli satqın partiyasının üzvlərinin məqsədi də bu uğurları kölgələməyə çalışmaqla muzdur nökəri olduqları ağalarının sifarişini yerinə yetirməkdir.
– Cəmiyyətimizin bu cür anti-milli qüvvələrə reaksiyası nədən ibarətdir?
– Azərbaycan xalqı üçün artıq belə təxribatçı çağırışlar yeni deyil və bu onların bu anti-milli çağırışlarına heç vaxt aldanmayacaq. Hesab edirəm ki, ölkəmizdə əmin-amanlığı və sabitliyin pozmaq istəyən qüvvələrə qarşı dövlətimizin cavabdeh və məsuliyyətli dövlət qurumları öz şərəfli vəzifələrini ləyaqət və şərəflə yerinə yetirəcək. Bu gün həm ölkə, həm bölgə və həm də qlobal səviyyədə Azərbaycanda həyata keçirilən əzəmətli layihələr, eləcə də ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlar beynəlxalq təşkilatlar tərəfindən təqdir edildiyi bir vaxtda cəmiyyətdə hansısa ajotajın yaradılması bütün ictimaiyyət tərəfindən qəzəblə qarşılanır. Biz bunu seçicilərimiz, eləcə də ziyalılarla keçirdiyimiz davamlı görüşlərdə şahidi oluruq.
