BAKI, 4 avqust. SİYASƏTİNFO
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələr qarşılıqlı hörmət, bərabərlik və əməkdaşlıq üzərində qurulur. Xüsusilə də müstəqil və suveren dövlətlərə qarşı təhdid və hədə-qorxu ritorikası, nəinki etik deyil, bu həm də beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu kontekstdə, Azərbaycanla təhdid dili ilə danışmaq cəhdləri sadəcə uğursuzluğa düçar olur. Sözsüz ki, bu kimi cəhdlər eyni zamanda bölgədə sabitliyi də təhlükəyə atır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı son zamanlar ölkəmizə qarşı müxtəlif istiqamətlərdə artan təhdid ritorikasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan bu gün Cənubi Qafqazda enerji, nəqliyyat və təhlükəsizlik baxımından mühüm rola malikdir: “1990-cı illərin əvvəllərində Ermənistanın işğalı nəticəsində ərazi itkiləri və bir milyondan artıq məcburi köçkün problemi Azərbaycanın milli yaddaşında dərin iz buraxıb. 2020-ci ildə isə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın milli suverenliyini faktiki olaraq möhkəmləndirdi. Bu səbəbdən, Azərbaycan cəmiyyətində və dövlət idarəçiliyində hədə-qorxu və təzyiqlərə qarşı həssaslıq və prinsipiallıq formalaşıb. Tarixi təcrübə də göstərir ki, Azərbaycan xalqı və dövləti təzyiqlərlə deyil, yalnız qarşılıqlı hörmət və bərabər münasibətlərlə dialoqa açıqdır”.
Deputat hesab edir ki, təhdid dili və ritorikası beynəlxalq hüquqa ziddir: “Bu prinsiplər BMT Nizamnaməsinin müvafiq maddələrində də öz əksini tapıb. Çünki təhdid və ultimatum dili, xüsusilə də müstəqil dövlətlərə qarşı tətbiq edildikdə, bu beynəlxalq hüquq pozuntusu sayılır. Məhz bu kontekstdə Azərbaycanla hədə-qorxu dili ilə danışmaq, bu prinsiplərin pozulması ilə yanaşı, bölgədəki digər ölkələr üçün də təhlükəli presedent yaradır. Əgər bu cür davranışlar cəzasız qalarsa, regionda qanunauyğun beynəlxalq münasibətlərin yerini xaotik və ziddiyyətli münasibətlər ala bilər”.
Məlahət İbrahimqızına görə, ölkəmizlə təzyiq yolu ilə danışmağa çalışan qüvvələr – istər siyasi dairələr, istərsə də beynəlxalq təşkilatlar – nəinki istədiklərinə nail olmayıb, əksinə, Azərbaycanla münasibətlərini itiriblər: “Bu mənada Azərbaycanla hədə-qorxu və təhdid dili ilə danışmaq, nə tarixi təcrübəyə, nə beynəlxalq hüquqa, nə də regional reallıqlara uyğun gəlmir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli maraqları toxunulmazdır. Ölkəmizlə dialoq ancaq bu prinsiplər əsasında mümkün ola bilər. Ona görə də Azərbaycan bu cür ritorikanı rədd edərək, öz maraqlarını qorumaq üçün bütün qanuni vasitələrdən istifadə etməyə də qadir güclü bir ölkədir”.
