BAKI, 1 avqust. SİYASƏTİNFO
Azərbaycan bu gün dünyada tolerant ölkə kimi tanınır. Sözsüz ki, tolerantlıq və multikulturalizm müasir dövrün ən vacib sosial dəyərlərindən biri hesab olunur. Fərqli dini, etnik və mədəni qrupların dinc birgəyaşayışı yalnız daxili sabitliyə deyil, həm də beynəlxalq aləmdə müsbət imicin formalaşmasına xidmət edir. Bu kontekstdə Azərbaycan son illərdə tolerantlıq modeli kimi beynəlxalq səviyyədə nümunə göstərilir.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın tolerantlıq ənənələri yüzilliklərə dayanır: “Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşən ölkəmiz qədim dövrlərdən müxtəlif millətlərin və dinlərin vətəni olub. Azərbaycanda İslam dini ilə yanaşı zərdüştlük, xristianlıq, yəhudi dinlərinin nümayəndələri tarixən dinc və yanaşı yaşayıblar. Sözsüz ki, Azərbaycan dövləti tolerantlıq və multikulturalizmi milli siyasət səviyyəsində inkişaf etdirməyə xüsusi önəm verir. Ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, müxtəlif dinlərin liderlərinin iştirakı ilə keçirilən beynəlxalq konfranslar ölkənin bu sahədə ciddi siyasi iradəyə malik olduğunu göstərir”.

Məlahət İbrahimqızı hesab edir ki, bu gün Azərbaycanda heç bir dinə, dini abidəyə və qeyri-İslam mədəniyyətinə aid dəyərlərə qarşı ayrı-seçkilik yoxdur: “Azərbaycanda həmçinin müxtəlif xalqların ədəbiyyət, incəsənət xadimlərinə qarşı da böyük hörmət olunur. Bu məsələdə ölkəmizə qarşı bəzi qüvvələrin irad tutması üçün heç bir əsas yoxdur. Amma bunun fonunda Azərbaycan ərazilərinin 20 faizi işğalda saxlanılarkən, 1 milyondan artıq soydaşımız öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilərkən, həmin ərazilərdə olan tarixi, dini, mədəni abidələr vandallığa, barbarlığa məruz qalarkən bu gün hansısa əsassız iddialardan danışan qüvvələr, təşkilatlar və ya şəxslər susmuşdular. Faktiki olaraq Ermənistan tərəfindən Qərbi Azərbaycanda olan mədəni irs, İslam dəyərləri, tarixi dini abidələr məhv edilib və ya özününküləşdirilib. İşğal zamanı Azərbaycan ərazilərində olan 67 məscidən 65-i məhv edilib, yox olub, sıradan çıxarılıb. Bununla yanaşı tarixən Azərbaycan ərazisində mövcud olan Albaniya dövrünə aid dini, tarixi mədəni abidələr də ermənilərin barbarlığının qurbanı olub. Bu mənada Azərbaycana qarşı hansısa “iddialar” səslənərkən həmin tərəflərin bir qədər diqqətli olması, mövcud reallıqları nəzərə alması tövsiyyə edilir”.
