BAKI, 31 iyul. SİYASƏTİNFO
Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi balansın formalaşmasında mühüm rol oynaya biləcək strateji nəqliyyat marşrutudur. Dəhliz, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməklə yanaşı, daha geniş regional əməkdaşlıq imkanları yaradacaq bir layihə kimi nəzərdən keçirilir. Sözsüz ki, Zəngəzur dəhlizi Azərbaycanın regiondakı strateji mövqeyini gücləndirəcəkdir. Zəngəzur bölgəsindən keçməsi planlaşdırılan bu dəhliz, Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini bərpa etməklə yanaşı, Türkiyə ilə quru sərhədi vasitəsilə birləşməsini təmin edəcək.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi eyni zamanda Ermənistan üçün də yeni geosiyasi reallıqlar yaratmış olacaq: “Ermənistan, illərdir həyata keçirdiyi qeyri-adekvat siyasəti ilə regional təcrid vəziyyətinə düşüb. Bu Ermənistan üçün başlıca nəfəslik rolundadır. Sözsüz ki, Rusiya, İran, Çin və Qərb ölkələri də Zəngəzur dəhlizi ilə maraqlanır. Rusiya dəhlizi nəzarətdə saxlamaq və Cənubi Qafqazdakı təsirini qorumaq istəyir. Çin isə “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində bu dəhlizi Orta Asiyadan Avropaya uzanan ticarət yollarının bir hissəsi kimi görür. Son zamanlar ABŞ-dən Zəngəzur dəhlizinin icarə əsasında çılması ilə bağlı verilən açıqlamalar da Ağ Evin bu kommunikasiuya xəttinə olan marağının ifadəsi kimi dəyərləndirilir”.

Məlahət İbrahimqızı hesab edir ki, Zəngəzur dəhlizi regionda multimodal nəqliyyat sisteminin inkişafına töhfə verə bilər: “Azərbaycan, Türkiyə, Rusiya, İran və Mərkəzi Asiya ölkələri üçün bu dəhliz vasitəsilə daha qısa və təhlükəsiz ticarət yolları yaranacaq. Bu isə nəqliyyat xərclərinin azalmasına, vaxt itkisinin önlənməsinə və ixrac potensialının artmasına imkan verəcək. Təbii ki, Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasının Azərbaycan iqtisadiyyatına birbaşa inteqrasiyasını təmin etmiş olacaq. Hazırda Naxçıvana yalnız İran və ya Gürcüstan üzərindən dolayısı yollarla çatmaq mümkündür. Dəhlizin açılması ilə bu problem aradan qalxacaq və Naxçıvan iqtisadi inkişaf baxımından daha əlverişli mövqeyə gələcək”.
Deputatın fikrincə, Zəngəzur dəhlizi həm siyasi, həm də iqtisadi baxımdan Cənubi Qafqaz üçün strateji əhəmiyyətə malikdir: “Dəhliz Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirməklə yanaşı, regionun daha böyük iqtisadi əməkdaşlıq platformasına çevrilməsi üçün yeni imkanlar yaradır. Sözsüz ki, bu layihənin reallaşdırması üçün siyasi iradə, qarşılıqlı etimad vacibdir. Azərbaycan məhz sülh və təhlükəsizlik fonunda qarşılıqlı əməkdaşlığı təşviq etməklə bütövlükdə bölgədə canlanmanın yaranması, əlaqələrin daha da sıxlaşması fonunda iqtisadi-siyasi münasibətlərin normalaşması prinsipi ilə çıxış edir”.
