BAKI, 26 iyul. SİYASƏTİNFO
SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi 70-ci illərin ortalarından başlayaraq yenidən gündəmə gəldi. Bununla yanaşı keçmiş SSRİ konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılmasına başlanılmışdı. Ona görə də, belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət tələb edirdi. Hətta 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunur, ağır cəzalara məhkum edilirdi. O dövr milli respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirə bilmirdilər.
Bunu Siyasətinfoya Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov deyib.
O qeyd edib ki, amma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün məhrumiyyətlərə və çətinliklərə baxmayaraq ana dili məsələsində öz mövqeyini qətiyyətlə qorumağa müvəffəq oldu: “Bu mənada dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etməyə nail olmuşdu. Məhz Onun gərgin əməyi, böyük cəsarəti sayəsində Azərbaycan dilinə dövlət dili statusunun verilməsi təmin edildi. 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi qəbul edilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsi idi. Yenidən öz müstəqilliyini bərpa edən Azərbaycanın 1995-ci ildə Konstitusiyası hazırlanarkən dövlət dilinin məhz ana dili kimi təsbit edilməsi ulu öndərin təşəbbüsü ilə reallaşmış oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb”.
Şura sədri hesab edir ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində böyük uzaqgörənliklə Azərbaycan dilini qorumasına çalışıb: “Ana dilimiz məhz tarixi sınaqlardan çıxaraq müstəqil dövlətin əsas atributu kimi bu günümüzə qədər qorundu. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı da bu mənada mühüm əhəmiyyət kəsb edir. Çünki bu tarixi Fərman müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu xalqımızın öz ana dilinə milli kimliyinə olan münasibətinin və dəyərinin bariz nümunəsidir”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycanda dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilib: “Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılır. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Sözsüz ki, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı bu mənada mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, təbliğ edilməsi baxımıdan imzalamış olduğu Fərman və Sərəncamları ana dilimizin inkişafına öz mahiyyətini saxlamasına xidmət edən başlıca prinsiplər kimi qəbul edilir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir”.
“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirdiyi fikirlər bu mənada Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı mesajlar xüsusi yer tutur. Dövlət başçısının ana dilimizin saflığının saxlanılması, zənginliyinin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı söylədiyi fikirlər yalnız bu gün üçün deyil, uzunmüddətli perspektiv baxımından da mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan dili xalqımızın milli-mənəvi kimliyini, tarixi yaddaşını və mədəni irsini yaşadan ən qiymətli dəyərlərdəndir. Minilliklər boyu inkişaf edən və zənginləşən bu dil dövlət müstəqilliyimizin əsas atributlarından biri olmaqla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid milli kimlik ətrafında birləşdirən ən mühüm amildir.
Müstəqillik illərində dövlət tərəfindən Azərbaycan dilinin hərtərəfli inkişafına xüsusi diqqət yetirilib. Dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi, onun bütün ictimai sahələrdə tətbiqinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması və terminoloji bazanın təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atılıb. Bunun nəticəsində Azərbaycan dili dövlət idarəçiliyində, təhsil sistemində, elmi mühitdə, mədəni həyatda və informasiya məkanında mövqeyini daha da gücləndirib.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ana dilinin qorunması yalnız aidiyyəti qurumların və ya dilçi alimlərin üzərinə düşən vəzifə deyil. Bu məsələ bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir. Hər bir vətəndaş gündəlik həyatında Azərbaycan dilindən düzgün istifadə etməli, ədəbi dil normalarına riayət etməli və ana dilimizin zənginliyinin qorunmasına öz töhfəsini verməlidir.
Dövlət başçısının çıxışında qloballaşma şəraitində Azərbaycan dilinin yad təsirlərdən mühafizəsinin vacibliyi də xüsusi vurğulandı. Xarici mənşəli sözlərin zərurət olmadan geniş şəkildə işlədilməsi dilimizin təbii inkişafına mənfi təsir göstərə bilər. Halbuki Azərbaycan dili kifayət qədər zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına və yeni anlayışları öz daxili resursları hesabına ifadə etmək potensialına malikdir. Buna görə də ana dilimizin imkanlarından maksimum istifadə olunması xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda Azərbaycan dilinin elmdə, təhsildə, mədəniyyət sahəsində, mediada və rəqəmsal informasiya məkanında ədəbi normalara uyğun tətbiqi daim diqqət mərkəzində saxlanılmalıdır. Xüsusilə kütləvi informasiya vasitələri, ali təhsil müəssisələri və elmi ictimaiyyət Azərbaycan dilinin düzgün istifadəsinin təşviqində, nitq mədəniyyətinin formalaşdırılmasında və ədəbi dil normalarının təbliğində nümunə göstərməlidirlər.
Prezident İlham Əliyevin AMEA-da səsləndirdiyi bu fikirlər bir daha təsdiq edir ki, Azərbaycan dilinin qorunması təkcə dil siyasətinin tərkib hissəsi deyil, həm də milli kimliyin, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm strateji məsələdir. Ana dilimizin saflığının qorunması, onun zənginləşdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur. Çünki Azərbaycan dilinə göstərilən diqqət və qayğı, əslində, xalqımızın tarixinə, mədəniyyətinə və milli varlığına göstərilən ehtiramın bariz ifadəsidir” – deyə, o əlavə edib.
