70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər.
Bunu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, amma bütün bu məhrumiyyətlərə və çətinliklərə baxmayaraq Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi, bütün süni məhdudiyyətlərə rəğmən ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər eedib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olduqca böyükdür. Məhz bunun nəticəsində 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında dövlət dili Azərbaycan dili kimi qəbul edilib. Yenidən öz müstəqilliyini bərpa edən Azərbaycanın 1995-ci ildə Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bu sözsüz ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində böyük uzaqgörənliklə Azərbaycan dilini qoruması və onun tarixi sınaqlardan çıxararaq müstəqil dövlətin əsas atributu kimi bu günümüzə qədər qorunması mühüm tarixi xidmət və misilsiz dəyər hesab edilir”.

Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı da mühüm əhəmiyyət kəsb edir: “Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Eyni zamanda Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir”.
Deputat xatırladıb ki, Azərbaycanda dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilib: “Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır”.
Məlahət İbrahimqızı hesab edir ki, bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir: “Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı bu mənada mühüm önəm kəsb edir. Həmin Sərəncama əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanması xalqın öz tarixini, ədəbiyyattını və digər dəyərli mənbələri məhz öz ana dilində müasir gəncliyin istifadə edəcəyi bir tərzdə təqdimatı vacib idi. Eyni zamanda Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, təbliğ edilməsi baxımıdan imzalamış olduğu Fərman və Sərəncamları ana dilimizin inkişafına öz mahiyyətini saxlamasına xidmət edən başlıca addımlardır. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Bütün bu addımlar Azərbaycan xalqıının ona məxsus olan dəyərlərə necə sahib çıxmasını göstərən mühüm amillərdir. Çünki müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”.
“Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində çıxışında olduqca mühüm məqamlarla yanaşı Azərbaycan dilinin saflığının qorunması istiqamətində proqram xarakterli çıxışı mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin başçısının da vurğuladığı kimi Azərbaycan dili xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi yaddaşının və milli kimliyinin əsas daşıyıcısıdır. Əsrlər boyu formalaşaraq zənginləşən ana dilimiz bu gün də dövlətçilik ənənələrimizin mühüm atributlarından biri kimi inkişaf edir. Azərbaycan dili öz zəngin lüğət tərkibi, ifadə imkanlarının genişliyi və yüksək bədii-estetik xüsusiyyətləri ilə seçilir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımız üçün Azərbaycan dili doğma ünsiyyət vasitəsi olmaqla yanaşı, milli birliyi təmin edən əsas amillərdəndir.
Dövlətimiz müstəqillik illərində Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl siyasət həyata keçirib. Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, ədəbi dil normalarının qorunması, terminologiyanın zənginləşdirilməsi və dilimizin müasir dövrün tələblərinə uyğun inkişafı ilə bağlı mühüm qərarlar qəbul olunub.
Bu mənada Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışında Azərbaycan dilinin milli kimliyimizin və dövlət müstəqilliyimizin əsas dayaqlarından biri olduğunu xüsusi olaraq vurğulaması olduqca əhəmiyyətlidir.
Sözsüz ki, ana dilinin qorunması təkcə dövlət qurumlarının deyil, bütün cəmiyyətin məsuliyyətidir. Azərbaycan dili bütün sahələrdə – elmdə, təhsildə, mədəniyyətdə, informasiya məkanında və gündəlik ictimai həyatda düzgün, zəngin və ədəbi normalara uyğun işlədilməlidir.
Prezidentin çıxışında da məhz qloballaşma şəraitində Azərbaycan dilinin yad təsirlərdən qorunmasının vacibliyini də ön plana çəkilib. Vurğulanıb ki, xarici sözlərin lüzumsuz və nəzarətsiz şəkildə işlədilməsi dilimizin zənginliyinə xələl gətirə bilər. Azərbaycan dilinin özünün kifayət qədər geniş söz ehtiyatına və ifadə imkanlarına malik olduğunu qeyd edən dövlət başçısı, hər bir sahədə ilk növbədə ana dilimizin imkanlarından istifadə edilməsinin vacibliyini bildirib.
Bu mənada dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, milli varlığımızın, dövlətçiliyimizin və mədəni irsimizin ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir. Azərbaycan dilinin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə olduğu kimi ötürülməsi hər bir vətəndaşın mənəvi borcu və ümummilli məsuliyyətidir”- deyə, o əlavə edib.
