BAKI, 26 iyul. SİYASƏTİNFO
Fransa növbəti dəfə özünün ermənipərəst mövqeyini ortaya qoyub. Ermənidən daha çox erməni olmağa çalışan Fransa prezidenti Emmanuel Makron və onun komandası hər addımda özünün mahiyyətini ortaya qoyur. Erməni lobbisinin, diasporasının maliyyə dəstəyi ilə oturub-duran Fransa Milli Assambleyası anti-Azərbaycan mövqeyini nümayiş etdirir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu günlərdə Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni “qətnamə” layihəsini ortaya atılması da bu məkirli siyasətin mahiyyətini ifadə edir: “Məlum bədnam qətnamə layihəsinin müəlliflərinin kimliyinə baxdıqda isə onların əsl mahiyyəti açıq şəkildə ortaya qoyulur. Sözsüz ki, bu kimi təxribat xarakterli cəhdlər regionumuzda baş verən proseslərə növbəti müdaxilə hesab edilir. Çünki məlum bədnam layihədə adəti üzrə reallıqlar təhrif edilib. Növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir. Bununla yanaşı ölkəmiz əleyhinə yalan ittihamlar irəli sürülüb”.

Deputat hesab edir ki, bu gün bölgədə sülhün və əməkdaşlığın formalaşmasına qarşı çıxan qüvvələr prosesi pozmaqda daha çox maraqlı görünürlər: “Bu xüsusda Azərbaycanla Ermənistan arasında Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi görünür bəzi qüvvələrin yuxusuna haram qatıb. Çünki bu qüvvələr heç bir halda sülhün irəliləməsinə sevinmir. Onların məqsədi yenidən bölgədə gərginliyin, qarşıdurmanın yaranmasıdır. Belə vəziyyət onlara məhz öz çirkin niyyətlərini reallaşıdırmaqda sərf etdiyi üçün onlar hər zaman bu cür arzuolunmaz durumların yaranması üçün əllərindən gələn bütün çirkin kampaniyaları həyata keçirməyə çalışırlar”.
Məlahət İbrahimqızı bu yaxınlarda Belçika Parlamenti və ABŞ Konqresi tərəfindən erməni lobbisinin təsiri ilə ortaya çıxan mənasız sənədlərdən də bəhs edib: “Ermənistan hakimiyyəti indi sülhlə bağlı müsbət mesajlar verdiyi halda Belçika Parlamentinin və ABŞ Konqresinin ermənilərlə bağlı çıxarmış olduğu “qərarlar” sadəcə olaraq ikrah doğurur. Faktiki olaraq rəsmi İrəvan sülh gündəliyinə dair müsbət mesajlar verir və onun irəliləməsində maraqlı olduğunu göstərir. Amma erməni lobbisinin başqa maraqları var və onlar heç də öz niyyətlərini gizlətmək istəmirlər. Amma bütün bunlara baxmayaraq güclü və qalib Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə kənardan olan bütün təhdidləri vaxtında neytrallaşdıraraq bölgədə qalıcı sülhün, əldə olunması təşəbbüsü ilə çıxış edir. Çünki regional və qlobal miqyasda baş verən təhdidlər fonunda yeganə çıxış yolu sülh və əməkdaşlıqdan keçir. Ermənistan hakimiyyəti də bu reallığı dərk edib doğru yolda getməklə sabitliyə əməkdaşlığa töhfə vermiş olacaq”.
