BAKI, 22 iyul. SİYASƏTİNFO
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən görüş, müzakirə edilən mövzular iki ölkə münasibətlərinin bundan sonra yeni müstəvidə inkişafına töhfə verəcək. Azərbaycanla Türkmənistan arasındakı bu günki əlaqələr tarixi bağlar üzərində qurulub. Sözsüz ki, iki ölkə arasında müasir çağırışlar qarşısında əlaqələrin inkişafı və daha sıx təmasların olması vacibdir
Bu sözləri Siyasətinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri dövlətlər arasında münasibətlərin daha da dərinləşdirməsinə təkan olacaq: “Azərbaycanla Türkmənistan arasında mövcud əlaqələri daha da inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək olduqca önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Ermənistanın işğalından azad edilmiş Qarabağa səfəri də tarixi əhəmiyyət kəsb edir. Bu səfərdə erməni vandalizminin izləri ilə tanışlıq, “Böyük Qayıdış” konsepsiyası əsasında Qarabağ və Şərqi Zəngəzurda görülən misilsiz işlər böyük maraqla qarşılanıb. Bu gün iki dövlət arasında əlaqələr inkişaf etməkdədir. Sözsüz ki, münasibətlər qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq müstəvisindədir. Möhkəm tarixi bünövrəyə əsaslanan əlaqələr hər iki xalqın ortaqlığına, qohumluğuna, xalqlarımız və dövlətlərimiz arasında rifahın daha da yüksəlməsinə əsaslanır”.

Deputat qeyd edib ki, Azərbaycanla Türkmənistan hər zaman bir-birinin yanında olub və xarici siyasətdə bir çox məsələlərdə eyni mövqedən çıxış edib: “Xarici siyasət sahəsində hər iki dövlət BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına əsaslanan siyasət həyata keçirir. Azərbaycan və Türkmənistan dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə çalışır. Uzunmüddətli tarixi, mədəni və dil baxımından ortaq köklərə əsaslanan münasibətlər bu gün özünü daha aydın şəkildə ifadə etməkdədir. Məhz bu kontekstdə Azərbaycan və Türkmənistan təmsil olunduqları təşkilatlarda bəzi məsələlərdə eyni mövqedən çıxış edirlər. Hər iki dövlət arasında Müstəqil Dövlətlər Birliyi (MDB), Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi qurumlarda sıx əməkdaşlıq mövcuddur”.

Eldar Quliyev vurğulayıb ki, Azərbaycanla Türkmənistan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub: “Hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və daxili işlərinə qarışmama prinsipinə dair açıq mövqeyini ifadə edib. Prezidentlər səviyyəsində qarşılıqlı səfərlərin təşkili sözsüz ki, münasibətlərin daha da inkişafına, möhkəmlənməsinə xidmət edir. Bu səfərlər siyasi dialoqun inkişafına və yeni əməkdaşlıqların qurulmasında olduqca önəmlidir. Təbii ki, Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də enerji sektoru ilə bağlıdır. Bu kontekstdə Xəzər dənizində yerləşən enerji yataqların birgə işlənməsi müzakirə mövzularından biridir. 2021-ci ildə iki ölkə arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə edilən razılıq bunun bariz nümunəsidir. Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin həcmi də artmaqdadır. Azərbaycandan Türkmənistana əsasən ərzaq məhsulları, tikinti materialları ixrac edilir ki, bunun qarşılığında ölkəmizə daha çox neft məhsulları, tekstil və kimyəvi maddələr idxal olunur. Bakı-Türkmənbaşı limanları arasında bərə daşımaları bu istiqamətdə vacib nəqliyyat xəttlərindən birini təşkil edir. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) – Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya çıxışı təmin edən vacib arteriyalardan biri kimi yüksək qiymətləndirilir”.
