BAKI, 22 iyul. SİYASƏTİNFO
Bu gün Azərbaycan regional və qlobal miqyasda söz və nüfuz sahibidir. Ölkəmizin həyata keçirdiyi uğurlu siyasət məhz bu reallığı təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər, Azərbaycanın beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi fonunda yeni təşəbbüslər irəli sürülür. Bu isə sülhü və əməkdaşlığı qarşılıqlı maraqlar əsasında inkişafı təşviq edir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, bu xüsusda ABŞ Prezidenti Donald Trampın son zamanlar Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair verdiyi açıqlamalar daha çox diqqəti cəlb edir: “Sözsüz ki, ABŞ Prezidentinin Prezident İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi “Truth Social” hesabında paylaşması bu diqqətin növbəti göstəricisi hesab edilir. Ölkəmizin başçısının Forumdakı çıxışı bu gün qlobal miqyasda böyük maraqla qarşılanıb. Azərbaycan dövləti özünün sülh mövqeyinə sadiqdir. Amma bunun fonunda gələcək təhdidlərin də indidən önlənilməsi başlıca prinsip kimi önə çəkilir. Azərbaycan Cənubi Qafqazda sülh quruculuğu prosesinin müəllifidir. Ölkəmiz regional təhlükəsizlik və dövlətlərin ərazi bütövlüyü və suverenliyi fonunda qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Xankəndidəki Qlobal Forumda çıxışında da cənab Prezident İlham Əliyevin bir daha bu prinsipləri önə çəkmiş oldu”.
Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında qalıcı sülhün əldə edilməsi başlıca şərtdir: “Sülhlə bağlı Azərbaycanın fundamental şərtləri var. Bu ilk növbədə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlıdır. Eyni zamanda artıq yararsız bir təşkilata çevrilən ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Rəsmi İrəvan bu öhdəlikləri təmin edəcəyi halda sülh üçün ciddi maneə qalmır. Ermənistanın hazırda əsas öhdədlikləri məhz bununla bağlıdır. Sözsüz ki, regional kommunikasiya xəttlərinin açılması bölgədə iqtisadi canlanmanın yaranması da öz növbəsində sülh prosesini daha da gücləndirən amillərdən biridir”.
Məlahət İbrahimqızı hesab edir ki, bu gün Cənubi Qafqaza artan maraq olduqca böyükdür: Bəzi qüvvələr bu bölgədə yenidən öz maraqları fonunda fərqli siyasi proseslərin, gərginliyin, münaqişələrin olmasında maraqlıdır. Ermənistan rəhbərliyi öz ölkəsinin gələcəyi və inkişafı naminə onun üzərindən oynanılan oyunlara alət olmaq əvəzinə Azərbaycan və Türkiyə ilə qarşılıqılı maraqlara xidmət edən addımlar atmaqda maraqlı olsun. Bunun üçün isə ilk növbədə bölgədə qalıcı və sağlam əsaslara malik sülhə ehtiyac var. Bölgənin əsas apürıcı dövlətləri olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq qurumadan Ermənistan üçün heç bir perspektiv yoxdur. Bunun əksinə olacaq bütün addımlar İrəvan üçün yeni bir dalan vəziyyəti yaradacaq”.
