Prezident İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxışında olduqca mühüm mesajlar səsləndirib. Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində belə bir mötəbər tədbirin keçirilməsinin əhəmiyyətinə toxunan ölkəmizin başçısı Forumun əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəldiyini vurğulayıb.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyini və 80 media qurumunun nümayəndələrini bir araya gətirib: “Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Forumda aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib. Üçüncü dəfədir belə bir mühüm tədbirin Qarabağda keçirilməsi olduqca önəmlidir. Bu baxımdan das Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ənənə davam edir və və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir”.

YAP üzvü bildirib ki, Xankəndidə yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında belə bir vacib Forumun keçirilməsinin tarixi əhəmiyyəti olduqca böyükdür: “Sözsüz ki, bu qərar eyni zamanda bura gələn qonaqlar üçün maraqlıdır. Gələn qonaqlar yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıdışı prosesini izləmiş olur. Ölkəmizin başçısı Forumda çıxışında regional və qlobal miqyasda baş verən proseslərlə yanaşı Azərbaycanla Ermənistan arasında sülh quruculuğu, atılan son addımları və digər mövzulara dair Ona ünvanlanan sualları tam dolğun və əhatəli şəkildə cavablandırdı”.

Aqil Məmmədov vurğulayıb ki, III Şuşa Qlobal Media Forumu qlobal informasiya məkanında yeni əməkdaşlıq yollarının müəyyənləşdirilməsi baxımından da önəmlidir: “Bu həmçinin media peşəkarlığının təşviqi baxımından vacibdir. Ölkəmiz məhz bu kimi təsirli platformalara ev sahibliyi etməklə beynəlxalq media dialoqunun inkişafına töhfə verir. Forum qlobal informasiya siyasətində yeni güc mərkəzlərinin formalaşmaqda olduğunu nümayiş etdirir. Sözsüz ki, Forumun Şuşada keçirilməsi ilk növbədə simvolik və strateji mesaj olmaqla yanaşı tarixi reallıqları da özündə ehtiva etmiş olur”.
