BAKI, 19 iyul. SİYASƏTİNFO
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən görüş, müzakirə edilən mövzuların əhatə dairəsi münasibətlərin yeni müstəvidə inkişafına dəlalət edir. Azərbaycanla Türkmənistan arasındakı tarixi bağlar üzərində qurulan münasibətlər bugünkü əlaqələr üçün əsas zəmin yaradır. Bu xüsusda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri münasibətlərə öz töhfəsini vermiş olacaq.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ikitərəfli münasibətlərin daha da dərinləşdirməsinə təkan verəcək: “Eyni zamanda iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul vermək kimi mühüm hədəflər mövcuddur. Sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Ermənistanın işğalından azad edilmiş Qarabağa səfəri, erməni vandalizminin izlərini görməsi, “Böyük Qayıdış” konsepsiyası ilə tanışlıq da olduqca əhəmiyyətlidir. Azərbaycanla Türkmənistan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi yüksək səviyyədədir. Əlaqələr qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq müstəvisində formalaşıb. Bu əlaqələr möhkəm tarixi bünövrəyə əsaslanır. İki xalqın ortaqlığı, qohumluğu, xalqlarımız və dövlətlərimiz arasında rifaha xidmət edir”.

Deputat bildirib ki, Azərbaycanla Türkmənistan arasında xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə də geniş əməkdaşlıq gündəliyi mövcuddur: “Hər iki ölkə xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Bu mənada ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Həmçinin Azərbaycan ilə Türkmənistan arasında əlaqələr uzunmüddətli tarixi, mədəni və dil baxımından ortaq köklərə əsaslanır. Hər iki ölkə türkdilli xalqlardır.
Komissiya sədri vurğulayıb ki, ölkələrimiz bir çox təşkilatlarda birgə təmsil olunmaqla yanaşı bəzi məsələlərdə eyni mövqeni bölüşür: “Müstəqil Dövlətlər Birliyi (MDB), Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi qurumlarda Azərbaycanla Türkmənistan arasında qarşılıqlı əməkdaşlıq var. Azərbaycan və Türkmənistan diplomatik əlaqələri 1992-ci ildə qurulub. Hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və daxili işlərinə qarışmama prinsipini dəstəkləyir. Dövri olaraq Prezidentlər səviyyəsində qarşılıqlı səfərlərin təşkili isə münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Bu səfərlər siyasi dialoqun inkişafına və yeni əməkdaşlıq sahələrinin açılmasına təkan verir”.
Sevinc Hüseynova Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin də enerji sektoru olduğunu söyləyib: “Bu xüsusda Xəzər dənizində yerləşən enerji yataqlarının birgə işlənməsi müzakirə mövzusudur. 2021-ci ildə iki ölkə arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə edilən razılıq da bu məqsədlərə xidmət edir. İki ölkə arasında ticarət dövriyyəsi illər üzrə artmaqdadır. Azərbaycandan Türkmənistana əsasən ərzaq məhsulları, tikinti materialları ixrac edilir. Eyni zamanda Türkmənistandan isə ölkəmizə daha çox neft məhsulları, tekstil və kimyəvi maddələr idxal olunur. Bu xüsusda Bakı-Türkmənbaşı limanları arasında bərə daşımaları vacib nəqliyyat xətti hesab edilir. Həmçinin Azərbaycanla Türkmənistan arasında nəqliyyat və logistika sahəsində də geniş əməkdaşlıq imkanları mövcuddur. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) – Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya çıxışı təmin edən vacib arteriyalardan biridir. Sözsüz ki, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi qarşıya qoyulan vəzifələrin daha yüksək səviyyədə icrasına mühüm təkan olacaq”.
