BAKI, 18 iyul. SİYASƏTİNFO
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkə arasında olan əlaqələrin səmimiyyət və dostluq üzərində qurulduğunun təsdiqidir. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən görüş, müzakirə edilən mövzular, iki xalq və dövlət arasında münasibətlərin yeni müstəvidə inkişafına dəlalət edir. Sözsüz ki, bu səfər Azərbaycan-Türkmənistan arasındakı qardaşlıq əlaqələrinin inkişafına da öz töhfəsini verəcək.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizin başçısı da ali qonaqla görüşündə xalqlarımız arasındakı dərin qardaşlıq ənənələrinin olduğunu söyləyib: “Müstəqillik dövründə bu əlaqələr daha da güclənib. Artıq iki ölkə bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Azərbaycanla Türkmənistan arasındakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmin hesab edilir. Təbii ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri münasibətlərə yeni bir təkan olacaq. Azərbaycanla Türkmənistan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlər var. Öz növbəsində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da Azərbaycan Prezidenti cənab İlham Əliyevə səfərə dəvət etdiyinə, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü çatdırıb. Vurğulanıb ki, Azərbaycana bu səfərin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdən ibarətdir”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birlikdə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Ermənistanın işğalından azad edilmiş Qarabağa səfəri, orada erməni vandalizminin izlərini görməsi, Böyük Qayıdış konsepsiyası ilə tanışlıq, dövlətimiz tərəfindən görülən işlərin mahiyyəti, aparılan bərpa quruculuq prosesinin miqyası ali qonağın marağına səbəb olub: “Azərbaycanla Türkmənistan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi yüksək səviyyədə xarakterizə olunub. Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq müstəvisində münasibətlərin bundan sonra daha da uğurla inkişaf edəcəyi vurğulanıb. Bu əlaqələrin möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-amanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslandığı söylənilib. Bu gün iki dövlət arasında xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyi var. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlıq məqsədyönlüyü və konkretliyi ilə seçilir. Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan ilə Türkmənistan arasında əlaqələr uzunmüddətli tarixi, mədəni və dil baxımından ortaq köklərə əsaslanır: “Hər iki ölkə türkdilli xalqlardır və Müstəqil Dövlətlər Birliyi (MDB), Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı kimi qurumlarda əməkdaşlıq edir. Azərbaycan və Türkmənistan diplomatik əlaqələri 1992-ci ildə qurulub. Hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və daxili işlərinə qarışmama prinsipini dəstəkləyir. Dövri olaraq Prezidentlər səviyyəsində qarşılıqlı səfərlər təşkil olunur. Bu səfərlər siyasi dialoqun inkişafına və yeni əməkdaşlıq sahələrinin açılmasına təkan verir. İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektorudur. Xəzər dənizində yerləşən yataqların birgə işlənməsi müzakirə mövzusudur. 2021-ci ildə iki ölkə arasında “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı razılıq əldə edilib. Eyni zamanda ölkələr arasında ticarət dövriyyəsi illər üzrə artmaqdadır. Azərbaycandan Türkmənistana əsasən ərzaq məhsulları, tikinti materialları ixrac olunur, Türkmənistandan isə neft məhsulları, tekstil və kimyəvi maddələr gətirilir. Bakı-Türkmənbaşı limanları arasında bərə daşımaları mühüm nəqliyyat xətti təşkil edir. Nəqliyyat və logistika sahəsində də geniş əməkdaşlıq mövcuddur. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) – Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya çıxışı təmin edir. Bütün bunlar iki ölkə arasında əlaqələrin qarşıdakı dövrdə böyük perspektivə malik olduğunu bir daha nümayiş etdirir”.
