Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə milli mətbuatımızın əsası qoyuldu. “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı çap edilib. Buna baxmayaraq qəzetin nəşri ilə qısa zamanda Azərbaycan milli mətbuatının təşəkkül tapması, milli fikrin oyanışı təmin olunub. Məhz maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qəzeti ziyalı və sadə insanlar arasında böyük nüfuz qazanıb.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, “Əkinçi” qəzetinin ömrü uzun sürməyib: “O dövr çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinərək onun fəaliyyətini dayandırıb. Amma buna rəğmən dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində demokratik ideyaları təbliğ edərək ictimai, siyasi və bədii fikrin formalaşmasında mühüm rol oynayıblar. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal çap edildi. Beləliklə, ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixi yaradılıb”.
Deputat bildirib ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar həyata keçirildi: “Tədricən ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr ləğv olundu. Azad mətbuatın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər hərbi senzuranı, 1998-ci ilin avqustunda isə KİV üzərində dövlət senzurasının ləğvi ilə bağlı tarixi qərar qəbul etdi. Nəticədə ölkədə mətbuat azadlığı prinsipləri bərqərar edilmiş, qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunub. Məhz ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145, 150 illik yubileylərinin ölkə səviyəsində qeyd olunması mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir 30 dekabr 2021-ci ildə qəbul olunmuş Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Sözsüz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub. Həmçinin, 2025-ci il 25 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın imzalanması ölkəmizdə bu sahədə çalışanlara ən yüksək səviyyədə diqqətin bariz nümunəsidir”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olub: “KİV-lərə birdəfəlik yardımların göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib. Milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bu xüsusda Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb. Vətən müharibəsindəın Şuşada 2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda və 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media Forumlar keçirilməsi məhz bu məqsədlərə xidmət edib”.
