Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan hərbi əməliyyatlardan biri də Tovuz döyüşləridir. Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərindən beş il ötür. Ümumiyyətlə, Ordumuz Zəfərə gedən yolu 2016-cı il şanlı Aprel döyüşlərində, 2018-ci il uğurlu Günnüt əməliyyatında, 2020-ci il Tovuz döyüşlərində addım-addım qət edirdi. Bu mənada Tovuz döyüşləri ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti ağır məğlubiyyəti kimi tarixə düşdü.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistanın diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını qətiyyətlə alıb: “2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. Bu, Silahlı Qüvvələrimizin general və digər yüksəkrütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib”.

Deputat bildirib ki, Tovuz döyüşlərinin əhəmiyyəti Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın düşmənə qarşı qəhrəmancasına döyüşən Ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi: “Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız Xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar”.
Məlahət İbrahimqızı vurğulayıb ki, 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərindən sonra sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi: “Otuz illik əsarət dünyanın diqqətini cəlb edən möhtəşəm hərbi əməliyyatlarla sona yetdi. Sıravi əsgərdən yüksəkrütbəli zabitə kimi hər bir hərbi qulluqçumuz misilsiz şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr vurdu. 44 Günlük Vətən Müharibəsi nəticəsində 30 illik Ermənistanın işğal siyasətinə döyüş meydanında son quyuldu. Ermənistan ordusu döyüş meydanında darmadağın edildi və tarixi ədalət bərpa olundu. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü bərpa etməyə nail oldu”.
