Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında səfər çərçivəsində keçirilən görüş, bir çox sahələrə dair əldə edilən razılaşmalar, Suriyanın yenidən qurulmasında Azərbaycanın vacib dəstəyi olduqca önəmlidir. Bu mənada cənab Prezident də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin ölkəmizə səfərini yüksək qiymətləndirib.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Suriyadakı əvvəlki hökumət uzun illər Azərbaycana münasibətdə qeyri-dost siyasət həyata keçirirdi: “Sözsüz ki, artıq o dönəm tarixə qovuşdu. İndi Suriyada yeni hökumət qurulub. Yeni Suriya hakimiyyəti isə Azərbaycanla əlaqələrin formalaşmasında və inkişafında maraqlıdır. Öz növbəsində Azərbaycan da bu münasibətlərə xüsusi ilə yanaşır. Məhz bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfəri zamanı keçirilən görüşlər, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə əlaqədar müzakirə olunan layihələr olduqca önəmlidir”.

Deputat Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunub: “Yeni Suriya hakimiyyəti də Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb. Sözsüz ki, yeni Suriya hökuməti Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığa böyük maraq göstərir. Azərbaycanla Suriya arasında əməkdaşlıqla bağlı perspektivlər sırasında enerji sahəsində əlaqələr xüsusi rol oynaya bilər. Çünki Suriyanın hazırda üzləşmiş olduğu enerji problemlərinin həllində Azərbaycanın verə biləcəyi töhfə olduqca təsirlidir”.
Məlahət İbrahimqızı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üçün imkanların olduğunu bildirib: “Suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər də səfər çərçivəsində gündəmdə olub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsi öyrənilir. Məhz bu təcrübənin Suriyanın post-münaqişə dövründə bərpa və quruculuq prosesində tətbiqi ilə bağlı da məsələlər müzakirə edilib”.
