BAKI, 12 iyul. SİYASƏTİNFO
Azərbaycan və Suriya arasında əlaqələr tarixi, siyasi, iqtisadi və mədəni baxımdan əhəmiyyətlidir. Ərəb dünyası ilə olan əlaqələrə Azərbaycan hər zaman xüsusi önəm verir. Azərbaycan və Suriya arasında diplomatik əlaqələr 1991-ci ildən, ölkəmiz müstəqilliyini bərpa etməsindən sonra başlayıb. Həmin dövrdən etibarən iki ölkə arasında siyasi əlaqələr inkişaf edib.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat qeyd edib ki, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfəri münasibətlərin yeni müstəvidə inkişafı baxımından əhəmiyyətlidir: “Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında səfər çərçivəsində baş tutan görüş, müzakirə edilən məsələlər, əldə olunan razılaşmalar əlaqələrin inkişafına mühüm töhfə hesab edilir. Ölkəmizin başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulanıb ki, uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərdə durğunluq yaranmışdı. Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrdə yeni inkişafı üçün böyük perspektivlər açılıb. Bu xüsusda Azərbaycan Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərin zamanı keçirilən görüşlərlə müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə əlaqədar layihələr müzakirə edilib. Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa da Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırladıb. O, Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Bütün bunlar onu göstərir ki, yeni Suriya hökuməti Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlıdır”.

Sevinc Hüseynova Azərbaycanla Suriya arasında bütün sahələrdə əməkdaşlıqla bağlı perspektivlərin dəyərləndirildiyini, xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətli olduğunu söyləyib: “Suriyanın hazırda üzləşmiş olduğu enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyəti önə çəkilir. Eyni zamanda Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar var. Suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər də səfər çərçivəsində müzakirə edilən mövzular sırasında olub. Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın post-münaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər”.
Komissiya sədri vurğulayıb ki, Azərbaycan-Suriya əlaqələri eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasəyinin bir hissəsi hesab edilir: “Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra qlobal xarici siyasət konsepsiyasına keçmiş, fərqli istiqamətlərdə fəal xarici siyasət yürütməyə başlayıb. Məhz Prezident İlham Əliyevin şəxsi nüfuzu ölkəmizə yeni tərəfdaşlıq modellərini gətirməklə yanaşı, yeni tərəfdaşlar da qazandırır”.
