Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mühüm əhəmiyyət kəsb edir. Heç bir vasitəçi olmadan ikitərəfli formatda baş tutan bu görüş qaşılıqlı olaraq mövqelərin ifadə edilməsi baxımından da önəmlidir. Görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin seçilməsi də heç də təsadüfi deyil. BƏƏ həm Azərbaycan, həm də Ermənistanla normal münasibətlərə malikdir. Bu mənada Əbu-Dabi iki ölkə arasında baş verənlərlə bağlı neytral mövqe sərgiləyir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan tərəfinin də görüş yeri kimi Birləşmiş Ərəb Əmirliklərini seçməsinin ən mühüm cəhətlərindən biri məhz bu reallıqdır: “Çünki BƏƏ Azərbaycanla Ermənistan liderləri arasında baş tutan bu görüşdə heç bir tərəf rolunu oynamır. Sadəcə, görüş üçün şəraiti və mühiti təmin edir. Sözsüz ki, artıq danışıqlarda vasitəçiyə ehtiyac yoxdur. Qarşılıqlı olaraq açıq qalan sualların və bir çox məsələlərin iki ölkə arasında birbaşa həll olunması ən optimal variantdır. Bütün bunların fonunda bu görüş sülh müqaviləsinə gedən yolda önəmli addım hesab edilir”.

Deputat bildirib ki, liderlərin görüşündə əldə edilən razılıq fonunda sərhədin delimitasiyası prosesi ilə bağlı əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verilib: “Kommunikasiya xətlərinin açılması və dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilən razılaşma da xüsusi ilə qeyd olunmalıdır. Əldə edilən bu kimi müsbət nəticələr Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesində müsbət amil kimi dəyərləndirilir”.
Məlahət İbrahimqızı bu gün qədər Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarının fərqli platformalarda aparıldığına diqqəti çəkib: “ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə iki tərəf arasında görüşlər təşkil edilmişdi. Amma əldə edilən nəticələrin əksəriyyəti məhz Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda aparılan müzakirələrin nəticəsində mümkün olub. Buna misal olaraq sərhədlərin delimitasiyası və sülh mətni üzərində əldə edilən effektiv nəticəni göstəmək olar. Bu baxımdan da ikitərəfli formatda aparılacaq danışıqların bundan sonra qalıcı sülhün əldə olunacağına qədər davam edəcəyinə inamı daha da gücləndirir. Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, bölgədə uzun on illiklər davam etmiş keşmiş münaqişə səhifəsi çevrilsin və sülh, əməkdaşlıq, inkişaf üçün hüquqi zəmin formalaşsın. Xalqımız tam əmindir ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkəmiz siyasi diplomatik müstəvidə buna nail olacaq”.
