
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində regional və beynəlxalq iqtisadi sistemdə fəal mövqe sərgiləyir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv yer alır. Ölkəmiz İƏT-ə üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığa mühüm töhfə verir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan ECO ilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyəti gücləndirir: “Sözsüz ki, bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasında mühüm önəm kəsb edir. Azərbaycan bu xüsusda ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərlə çıxış edir. İƏT də öz növbəsində üzv ölkələrlə bır sıra uğurların əldə olunmasını təmin edir. 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” adı ilə yaradılan təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı kimi fəaliyyətini davam etdirir. Azərbaycan ECO-ya üzv olduqdan sonrakı illər ərzində bu təşkilatın fəal iştirakçılarından birinə çevrilib”.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində bu təşkilata üzv ölkələrlə əlaqələrin hərtərəfli inkişafı mühüm yer tutur: “Bu da sözsüz ki, ölkəmizin ECO çərçivəsində iqtisadi təşəbbüslər və regional liderlik mövqeyi ilə bağlıdır. Ölkəmizdə ECO çərçivəsində ticarət, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə ciddi töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr bu baxımdan təsirli rola malikdir. Ölkəmiz bu təşkilatın üzvü kimi onun məqsəd və prinsiplərinə hər zaman riayət edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasında təsirli rol oynayır. Ölkəmiz həmçinin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin aktiv iştirakçısı kimi çıxış edir. Sözsüz ki, bütün bu uğurlu layihələrə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm strategiya ilə nail olub”.
Məlahət İbrahimqızı ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə uğurla ev sahibliyi xatırladıb: “Bu gün isə ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edir. Sözsüz ki, bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığını nümayiş etdirir. İşğaldan azad edilmiş Xankəndi şəhərində belə bir mötəbər tədbirin keçirilməsi sözsüz ki, xalqımız üçün qürurvericidir. Xankəndi və işğaldan azad edilmiş bölgələrimiz bu gün öz tarixinin yeni dövrünü yaşayır. Tarixi Şuşa şəhəri artıq bir neçə dəfə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qarabağ və Şərqi Zəngəzurun dəyişən siması fonunda onun 30 illik Ermənistanın işğalında saxlanılan qaranlıq keçmişi silinir və əsl mahiyyəti nümayiş olunur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu cür mötəbər layihələr və tədbirlər ölkəmizin qalib ruhuna və inkişaf strategiyasına əsaslanır”.