
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana növbəti səfəri olduqca önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki qardaş ölkə arasında münasibətlərin daha da yüksəldilməsi üçün mühüm işlər görür, xalqlarımız arasındakı tarixi sarsılmaz bağlar üzərində formalaşn münasibətlərin daha da möhkəmlənməsinə xidmət edən vacib addımlar atılır.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 30-cu ildönümündə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsi hesab edilir: “Azərbaycanla Özbəkistan arasında formalaşan yeni format Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya və qarşılıqlı əlaqələrin dərinləşməsində mühüm önəm kəsb edir. Bu mənada regional geoiqtisadi strukturun yenidən qurulması baxımdan Bakıda verilən mesajlar olduqca önəmlidir”.

Deputat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşünün və iki ölkə arasında imzalanan vacib sənədlərin əhəmiyyətinə toxunub: “Hər iki ölkə Liderinin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev mətbuata bəyanatlarla birgə çıxışında olduqca mühüm məsələlərdən bəhs ediblər. Həmçinin hər iki liderin iştirakı ilə Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması da tarixi hadisə kimi yaddaşlara həkk olundu”.
Məlahət İbrahimqızı vurğulayıb ki, “Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir: “Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq. Paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir. Bu parkın salınması ilə xalqlarımızın mədəni əlaqələri daha da möhkəmlənəcək”.