
BAKI, 1 iyul. SİYASƏTİNFO
Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsinin (İƏT) keçirilməsi olduqca önəmlidir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatı olub. Bu qurum hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılıb. İƏT həmçinin 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab edilir. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
Bu sözləri Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan hər zaman İƏT-in fəaliyyətinə böyük önəm verib: “Təşkilatın uğurlu fəaliyyəti üzv ölkələrin marağı ilə yanaşı ortaq tarix, iqtisadi və siyasi maraqlar ətrafında birləşməni zəruri edir. Ölkəmiz sözsüz ki, aktiv İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığ mühüm töhfə verir. Azərbaycanın 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına yüksək səviyyəli ev sahibliyi etməsi bunun bariz nümunəsidir. Bu xüsusda 16 oktyabr 2012-ci ildə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə görüşü keçirilib. Zirvə toplantısının yekununda Bakı bəyannaməsinin qəbul edilməsi tarixi hadisə idi”.
Məlahət İbrahimqızı bu gün isə Azərbaycanın İƏT-in növbəti zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşdığını söyləyib: “Bu toplantının işğaldan azad edilmiş ərazilərdə keçirilməsi xüsusi məna kəsb edir. Çünki bu təşkilata üzv olan ölkələr hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək ifadə edib. Bu mənada işğaldan azad edilmiş ərazilərdə növbəti mötəbər tədbirin keçirilməsi xalqımız üçün də mühüm əhəmiyyətə malikdir. Hər zaman olduğu kimi son toplantıda da İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirib, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər”.

Deputat vaxtilə Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etdiyini xatırladıb: “2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb və 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdən ibarətdir. Sözsüz ki, 2021-ci il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı da Azərbaycan üçün olduqca uğurlu qiymətləndirilib”.