
Azərbaycan dövləti üçün dünyanın harasında olmasından və yaşamasından asılı olmayaraq hər bir soydaşımızın taleyi maraqlıdır. Ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunması başlıca prinsip kimi qəbul edilib.
Bu sözləri Siyasətinfoya Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, son zamanlar Rusiya ərazisində azərbaycanlılara qarşı milli ayrı-seçkilik fonunda edilən basqılar diqqətdən yayınmayıb: “İyunun 27-də iki azərbaycanlının ölümü və bir neçə soydaşımızın xüsusi amansızlıqla həbsi insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması deməkdir. Sözsüz ki, bu məsələ hər bir azərbanlının hiddəti ilə qarşılandı. Azərbaycan dövləti dərhal məsələyə rəsmi şəkildə öz etirazını bildirdi”.

YAP üzvü bu gün Azərbaycanda mühüm və vacib əhəmiyyətli tədbirlərin keçirildiyinə diqqət çəkib: “Təbii ki, bu ərəfədə belə halların olması da diqqətdən kənarda qalmır. 30 il ərzində Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğalda saxlanıldığı dövrdə hər vəchlə bu təcavüz faktına haqq qazandırmağa çalışanlar yeni reallıqla barışmaq istəmirlər. II Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Amma görünür bu tarixi reallıq bir çoxlarının yuxusuna haram qatıb”.
Aqil Məmmədov hesab edir ki, bu gün Cənubi Qafqazda söz və nüfuz sahibi olan qalib və güclü Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu strategiya ilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi öz hədəflərinə nail olub: “Azərbaycanın tarixi qalibiyyəti, bölgədə uzun on illiklər kök salmış olan separatizmə vurduğu birdəfəlik zərbə çoxlarının planlarını alt üst edib. Bölgədə münaqişələr vasitəsi ilə əlində təzyiq elementləri saxlamağa çalışan güc mərkəzləri bu imkanlardan məhrum olduqları üçün başqa cür həmlələr etməyə başlayıblar. Amma onların bütün həmlələri hər zaman olduğu kimi bu dəfə də boşa çıxacaq. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşib və bu iradəyə qalib gəlmək mümkün deyil”.