
Rusiyada yaşayan azərbaycanlılara qarşı olan zorakılıqlar beynəlxalq hüquqa ziddir. Bu həm də Rusiya Federasiyasının özünün tərəfdaş çıxdığı prinsiplərə uyğun gəlmir. 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı fəaliyyət və tərəfdaşlıq haqqında Bəyannamənin ortaya qoymuş olduğu mahiyyət də ciddi şəkildə zədələnir. Qeyri-rus millətindən olan şəxslərə, xüsusən də azərbaycanlılara qarşı olan diskriminasiya, ayrı-seçkilik heç bir halda qəbul edilmir.
Bu sözləri YAP üzvü, VI çağırış Milli Məclisin deputatı Aqil Məmmədov Yekaterinburqda azərbaycanlılara qarşı olan zorakılıqlardan danışarkən deyib.
YAP üzvü bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tətərindən iyunun 27-də səhər tezdən Yekaterinburqda azərbaycanlıların yaşadığı mənzillərə basqın eedilməsi nəticəsində 9 nəfər saxlanılıb, 2 azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, daha bir neçə şəxs ağır xəsarət alıb: “Sözsüz ki, bu addımın atılması Azərbaycanda narazılıq və narahatlıq yaradıb. Bu hücumlar Rusiya daxilində miqrantlara və müsəlmanlara qarşı mövcud olan şovinizm və diskriminasiya siyasətinin nəticəsi hesab edilir. Rusiyada yaşayan qeyri-ruslara xüsusən də azərbaycanlılara qarşı aparılan siyasət arzuolunmaz bir vəziyyət yaradıb”.
Aqil Məmmədov Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı dərhal reaksiya verdiyini, dövlətimizin baş verənləri ilk andan etibarən diqqətdə saxladığını söyləyib: “Məhz Azərbaycan Xarici İşlər nazirliyinin yaydığı bəyanatda Yekaterinburq reydi ilə bağlı “təxirəsalınmaz araşdırma aparılmasını və günahkarların cəzalandırılması” tələbi bunun bariz nümunəsidir. Azərbaycandakı Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx də XİN-ə çağırılıb və ondan baş verənlərlə bağlı izah tələb olunub, ölkəmizin haqlı narazılığı çatdırılıb. Sözsüz ki, Rusiyada dövlət səviyyəsində insanlara qarşı bu cür qəddarlığın olması qəbuledilməz hal kimi başa düşülür. Bütün bunların fonunda nə baş verməsindən asılı olmayaraq Azərbaycan dövləti hər zaman öz vətəndaşının, soydaşının yanındadır və onların hüquqlarını sona qədər qorumaq əzmini bir daha bəyan edir”.