
Son zamanlar Rusiya Federasiyasında baş verən hadisələr və xüsusilə də miqrantlara, etnik azlıqlara qarşı nümayiş etdirilən ayrı-seçkilik, şovinist yanaşmalar, diskriminasiya hallarının sistemli hal alması ciddi narahatlıq doğurur. Bu proseslər təkcə Yekaterinburqla məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Mövcud faktlar təsdiqləyir ki, Ukraynada davam edən hərbi münaqişə fonunda Rusiyada miqrantlara, qeyri-rus mənsubiyyətinə malik vətəndaşlara qarşı müxtəlif formada təzyiqlər edilir. Onlar narkotik vasitələrlə şərlənərək, hüquqi əsasları olmayan ittihamlarla üzləşərək, ailə üzvləri ilə təhdid olunmaq kimi qeyri-qanuni vasitələrlə hərbi əməliyyatlarda iştirak etməyə məcbur olunurlar. Verilən vədlər, o cümlədən maddi kompensasiya və digər təminatlar isə əksər hallarda yerinə yetirilmir. Bu təəsüf doğuran tendensiya ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bostrikinin açıqladığı rəsmi statistika və etiraflar da mövcud vəziyyətin miqyasını, ciddiliyini bir daha təsdiqləyir.
Bu sözləri Teleqraf-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 27 iyun tarixində Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində 2 soydaşımızın öldürülməsi, bir neçəsinin isə işgəncələrə məruz qalması, həbs edilməsi məhz bu ölkədə azsaylı xalqlara qarşı təşkil olunan diskriminasiya və milli ayrı-seçkiliyin bariz nümunəsi kimi qiymətləndirilir: “Bu kimi hallar beynəlxalq hüququn, insan hüquq və azadlığının, həmçinin tərəfdaşlıq prinsiplərinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması ilə bağlı rəsmi Moskvanın nümayiş etdirdiyi passiv mövqe və məsələyə münasibətdə hərəkətsizlik də qəbuledilməzdir. Bu konteksdə Həştərxanda keçilmiş tədbirdə dəvət olunmuş Milli Məclisin deputatının Rusiya ərazisinə buraxılmaması və Rusiyada Azərbaycana qarşı olan qərəzli yanaşma da dostluq prinsiplərinə zidd münasibətin açıq göstəricisidir. Bundan əlavə Rusiya tərəfindən Azərbaycana məxsus informasiya resurslarına qarşı həyata keçirilmiş kiber hücumlar da təzyiq kampaniyasının bir hissəsidir”.
Deputat bildirib ki, bu hücumların arxasında Rusiyanın müəyyən dairələrinin dayandığına dair ciddi əsaslar, Milli Məclisin aidiyyatı komissiyasının müvafiq hesabatında öz əksini tapıb: “Rusiyada milli və dini azlıqlara qarşı artan təzyiqlər, islamafobiya meyillərinin artması, onun dövlət səviyyəsində təşviq edilməsi ciddi narahatlıq doğurur. Kremlin nəzarəti altında fəaliyyət göstərən bəzi media təmsilçilərinin o cümlədən teleaparıcı Vladimir Solovyov kimi şəxslərin açıq şəkildə anti-Azərbaycan mövqedən çıxışları bu proseslərin məqsədli və sistemli şəkildə həyata keçirildiyini təsdiqləyir”.
Sevinc Hüseynova hesab edir ki, bu gün Ermənistanda revanşist və radikal dairələrin fəallaşması, keçmiş prezidentlər, hərbi canilər olan Serj Sarkisyan, Robert Köçəryanla yanaşı Moskvanın təsiri altında olan digər şəxslərin yenidən aktiv fəaliyyətə başlaması heç də təsadüfi deyil. Məqsəd Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratmaqdır. Əfsuslar olsun ki, bu münasibət Cənubi Qafqazda Rusiyanın yeganə real tərəfdaşı olan Azərbaycana qarşı sərgilənir. Şübhəsiz ki, Azərbaycan özünün milli maraqlarını, suverenliyini və vətəndaşlarının hüquqlarını bütün hüquqi və diplomatik vasitələrdən istifadə edəcək təmin edəcək. Eyni zamanda regionda sülhün və təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində ölkəmiz prinsipial və ardıcıl siyasətini davam etdirəcək”.