
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iyunun 27-də səhər tezdən Yekaterinburqda azərbaycanlıların yaşadığı mənzillərə basqın etməsi nəticəsində 9 nəfər saxlanılıb, 2 azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, daha bir neçə şəxs ağır xəsarət alması Azərbaycanda narazılıq və narahatlıqla qarşılanıb. Bu hücumlar Rusiya daxilində miqrantlara və müsəlmanlara qarşı mövcud olan şovinizm və diskriminasiya siyasətinin nəticəsi kimi izah oluna bilər. Eyni zamanda bu Rusiyada yaşayan qeyri-ruslara xüsusən də azərbaycanlılara qarşı aparılan siyasətin repressiya mərhələsinə keçdiyinin təzahürü hesab edilir.
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Yekaterinburqda azərbaycanlılara qarşı olan qəddar davranışlar nəticəsində soydaşlarımızın ölümü və xəsarət alması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı dərhal reaksiya verib və dövlətimiz baş verənlərdən öz narahatlığını qarşı tərəfə çatdırıb: “Azərbaycan XİN-nin yaydığı bəyanatda Yekaterinburq reydi ilə bağlı “təxirəsalınmaz araşdırma aparılmasını və günahkarların cəzalandırılmasını” tələb edilib. Bununla bağlı Azərbaycandakı Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırılıb və ondan izahat tələb olunub. Bu amil bir daha Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu, onların hüquqlarını sona qədər qorumaq əzminin ifadəsi kimi dəyərləndirilir”.

Deputat bildirib ki, Yekaterinburqda azərbaycanlılara qarşı heç bir səbəb olmadan əməliyyat keçirilməsi təsadüfən baş verən hadisə deyil: “Həmin əmliyyat zamanı iki nəfərin öldürülüb, bir çoxunun saxlanılması və işgəncələrə məruz qalması sözsüz ki, Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb oldu. Görünən odur ki, rəsmi Moskva normal qonşuluq münasibətlərini qoruyub saxlaya bilmir. Eyni zamanda Azərbaycanla Rusiya arasında 2022-ci ildə imzalanmış tərəfdaşlıq və qarşılıqlı fəaliyyət haqqında bəyannamənin prinsipləri Kreml tərəfindən dəfələrlə pozulub. AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı üzərində vurulmasına görə Rusiya tərəfinin hələ də üzr istəməməsi faktı da yaddan çıxmayıb. Bütün bu faktlar onu deməyə əsas verir ki, şimal qonşumuz məsələlərə fərqli kontekstdə yanaşır. Bu isə heç bir halda iki dövlət arasında münasibətlərin ruhuna xidmət etmir“.