
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi və Onun rəhbərliyi ilə Vətənimiz naminə şərəflə xidmət edən rəşadətli Azərbaycan Ordusunun bütün rəhbər və şəxsi heyətini, igid əsgər və zabitlərimizi, hərbi qulluqçularımızı, qazilərimizi, müharibə veteranlarımızı və hər bir vətənpərvər övladımızı Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi uğrunda həyata keçirdikləri ali və misilsiz xidmətlərində uğurlar arzulayırıq!
Bu əlamətdar gün xalqımızın müstəqilliyi və təhlükəsizliyi naminə rəşadətlə xidmət edən, böyük fədakarlıq və qəhrəmanlıq göstərən şanlı Ordumuzun şərəf və iftixar günüdür. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə daim inkişaf edən, müasir tələblərə cavab verən, qüdrətli Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın ən güclü silahlı qüvvəsinə çevrilmişdir.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər möhtərəm Prezidentimizin uzaqgörən, müdrik siyasətinin, milli ruhun, hərbi gücün və Xalq-Ordu birliyinin təntənəsidir. Şanlı Qələbəmiz nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər xalqımızın tarixində yeni mərhələnin əsasını qoydu, dövlətimizin suverenliyi tam təmin edildi və daha da möhkəmləndirildi.
Bu gün Azərbaycanın qalib Ordusu regionda sülhün, əmin-amanlığın və sabitliyin qarantıdır. Hər bir əsgər və zabitimiz Vətənə sədaqətlə xidmət edir, andına və dövlətə sədaqət nümunəsi göstərir. Torpaqlarımızın qorunmasında və müdafiəsində şücaət göstərən qəhrəman hərbçilərimizin fədakarlığı bizim qürur mənbəyimizdir.
Bu əlamətdar gündə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından unudulmaz şəhidlərimizin əziz xatirəsini bir daha böyük hörmətlə yad edir, onların ailələrinə dərin ehtiramımızı bildiririk. Qazilərimizə Allahdan şəfa diləyir, onların göstərdiyi rəşadət və iradəni minnətdarlıqla qeyd edirik. Biz əminik ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərbi qüdrəti daha da möhkəmlənəcək, qalib Ordumuz daim yüksək hazırlıq səviyyəsində olacaq, vətənpərvərlik ruhunda yetişən gənc nəsil bu şərəfli yolu uğurla davam etdirəcəkdir.
Bu rəşadət, şərəf və igidlik bayramı günündə qüdrətli Azərbaycan naminə müqəddəs və şərəfli xidmətini uğurla həyata keçirən bütün hərbi qulluqçularımızı və veteranlarımızı bir daha ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, ailə səadəti, yüksək mübarizə əzmi və müvəffəqiyyətlər arzulayır, Vətənimizə sülh və əmin-amanlıq diləyirik!
Yaşasın qalib Azərbaycan Ordusu!
Yaşasın müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev!
Hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı
üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev